Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2013-07-23
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatı
İyulun 21-də Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadənin Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən "Nabran Holiday Village" istirahət mərkəzində xəsarət alaraq Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, izahatlar alınmış, məhkəmə-tibbi ekspertizası təyin edilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, İ.Cəfərzadə atası ilə birlikdə qeyd edilən tarixdə saat 12:30 radələrində istirahət etdikləri mərkəzin ərazisindəki hovuzun içərisində suda olarkən hovuzun yaxınlığında quraşdırılmış "Akvapark" adlanan qurğu işlək vəziyyətə gətirilmişdir. Bu zaman su borusunun hovuzun içərisindəki hissəsində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından yaxınlıqda olan azyaşlı İ.Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə daxil olaraq ağır bədən xəsarətləri almışdır.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1 (əmək mühafizəsi qaydalarını pozma) və 314.2-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanmışdır.

Cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülmüşdür.

Hazırda iş üzrə istintaq davam etdirilir.