Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2013-07-26
Hərbi Prokurorluqda ilin birinci yarısında görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclas keçirilmişdir

İyulun 26-da Azərbaycan Respublikası Hərbi Prokurorluğunda mərkəzi aparat işçilərinin, Naxçıvan Muxtar Respublikası və ərazi hərbi prokurorlarının iştirakı ilə 2013-cü ilin birinci yarımilində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir. 

Hərbi Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən baş prokurorun müavini – hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2013-cü ildə dövlət müstəqilliyimizin daha da möhkəmləndirildiyini, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirildiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, ölkənin inkişaf dinamikasında ciddi keyfiyyət dəyişiklikləri baş vermiş, sosial-iqtisadi siyasətin uğurla həyata keçirilməsi nəticəsində böyük nailiyyətlər əldə olunmuşdur. 

Ölkə iqtisadiyyatının dinamik inkişafının Silahlı Qüvvələrin fəaliyyətinə də müsbət təsir etdiyini söyləyən hərbi prokuror bildirmişdir ki, son illər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Bunun nəticəsində ordunun döyüş qabiliyyəti xeyli yüksəlmiş, şəxsi heyətin nizam-intizamı güclənmiş, nöqsanların aradan qaldırılması istiqamətində mühüm irəliləyişlərə nail olunmuşdur. 

Cari ilin 6 ayında hərbi prokurorluq orqanları silahlı birləşmələrdə hərbi nizamnamələrin tələblərinə əməl edilməsi, hərbi qulluqçuların hüquqlarının müdafiəsi, hərbi qurumlarda qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində fəaliyyətini daha da artırmış, ordu quruculuğuna mənfi təsir edə biləcək bir çox cinayət hadisələrinin üstü açılaraq təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunmuş, digər təsirli tədbirlər görülmüşdür. Hərbi prokuror qeyd etmişdir ki, əvvəlki hesabat dövrü ilə müqayisədə 2013-cü ilin birinci yarısında qeydə alınmış hərbi hissəni və ya xidmət yerini özbaşına tərketmə, hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə, qəsdən adam öldürmə, odlu silah, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə, qəsdən sağlamlığa ağır zərbə vurma cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalmışdır. Hərbi hissəni və ya xidmət yerini müharibə vaxtı və ya döyüş şəraitində özbaşına tərketmə faktları, ümumiyyətlə, qeydə alınmamışdır. Qeydə alınmış cinayətlərin 99,6 faizi, o cümlədən bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunmuşdur. Bu növ cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla qarşılıqlı, sağlam və işgüzar əlaqələrinin yaranmasının, habelə təsdiq olunmuş plan əsasında həyata keçirilən birgə tədbirlərin çox böyük əhəmiyyəti olmuşdur.


Bununla yanaşı, qanunvericilikdə nəzərdə tutulmuş silahlı birləşmələrdə tabeçilik qaydası əleyhinə olan tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, fərarilik, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri artmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə Müdafiə Nazirliyinin digər ordu birləşmələrində törədilmiş cinayətlər azaldığı halda, III ordu birləşməsində cinayətlərin sayı 21,2 faiz artmışdır. 

Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qəsdən adamöldürmə, özünü öldürmə həddinə çatdırma, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətlərinin qarşısının alınması üçün Respublika Hərbi Prokurorluğunun kollegiyalarında silahlı birləş¬mələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə həmin cinayətlərin məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilməklə müzakirə edilmişdir. Həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zə¬ru¬ri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyanın qərarlarına əsasən silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilmişdir. Silahlı Qüv¬və¬lərdə törədilən cinayətlərin qarşısının alınması məqsədi ilə Müdafiə Nazirliyi və digər qurumlarla birlikdə tədbirlər planları ha-zırlanaraq təsdiq edilmiş və icrası təmin olunmuşdur. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Kollegiyada hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bir daha vurğulamışdır ki, Silahlı Qüvvələrdə və qanunvericiliyə uyğun olaraq yaradılan digər silahlı birləşmələrdə qəsdən və ehtiyatsızlıqdan adam öldürmə, özünü öldürmə, eləcə də düşmən tərəfindən açılmış atəş nəticəsində xəsarət almış və ya öldürülmüş, habelə xəstəliklə bağlı və ya avtoqəza nəticəsində baş vermiş ölüm hadisələri ilə əlaqədar hər bir fakt üzrə Respublika Hərbi Prokurorluğu tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılır və istintaq hərəkətləri aparılmaqla cinayət törətmiş şəxslərin məhkəmə məsuliyyətinə verilməsi təmin olunur. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Milli Məclisin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında 2013-cü il 7 may tarixli qərarının Respublika Hərbi Prokurorluğu orqanları tərəfindən vaxtında icra olunması istiqamətində işlər davam etdirilir. Hazırda 105 hərbi qulluqçuya amnistiya aktı tətbiq edilmişdir. 

“Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın, eləcə də 2013-cü il yanvarın 16-da dövlətimizin başçısının sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin iclasında qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar hərbi prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiya cinayətlərinə qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirmişdir. Bu da Silahlı Qüvvələrin qüdrətini zəiflədə biləcək cinayətlərin, o cümlədən mənimsəmə, israfçılıq, rüşvətxorluq, vəzifədən sui-istifadə etmə və digər cinayətlərin vaxtında aşkar olunmasına, cinayət törətmiş şəxslərin layiqli cəzaya məhkum edilməsinə şərait yaratmışdır. 

Respublikanın hərbi prokurorluq orqanları 2013-cü ilin birinci yarımilində korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görərək bu xarakterli faktlar üzrə 44 şəxs barəsində 19 cinayət işinin istintaqını tamamlayaraq aidiyyəti üzrə baxılması üçün hərbi məhkəmələrə göndərmişlər. 

Hərbi Prokurorluq tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə həmin Xidmətin idarə, şöbə və bölmələrində aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri, onlara hərbi həkim komissiyalarının rəylərinə əsasən çağırışdan qanunsuz möhlət verilməsi və çağırışçıların valideynlərindən rüşvət alınması ilə bağlı Göyçay, Daşkəsən və Saatlı rayon şöbələrinin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci, 311.3.2-ci və 313-cü maddələri ilə başlanmış cinayət işlərinin istintaqı yekunlaşaraq baxılması üçün hərbi məhkəmələrə göndərilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” 2009-cu il 22 iyun tarixli Fərmanında və dövlətimizin başçısının Nazirlər Kabinetinin bu il iyulun 18-də altı ayın yekunlarına dair iclasındakı nitqində rüşvətxorluğa və korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılması, ictimai nəzarətin gücləndirilməsi barədə verdiyi tapşırıqların icrasının prokurorluğun üzərinə çox böyük məsuliyyət qoyduğunu qeyd edən Xanlar Vəliyev bildirmişdir ki, bu qəbildən olan cinayətlərin aşkarlanması sahəsində struktur qurumlar tərəfindən bir sıra işlər görülsə də, bu sahədə tədbirlərin səmərəliliyi və intensivliyi artırılmalıdır. 

Hərbi prokurorluq orqanları törədilmiş cinayətlər nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın 97,4 faizinin istintaq zamanı ödənilməsini təmin etmişlər. 

Xüsusi vurğulanmışdır ki, 2013-cü ilin birinci yarımilində hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu cinayət işlərinin istintaqı tamamlanmış, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, qüvvədə olan cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilmişdir. Hesabat dövründə dövlət əmlakının mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşaraq günahkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunmuşdur. Hesabat dövründə Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində ağır və xüsusilə ağır, mürəkkəb və aktual xarakterli cinayət işlərinin istintaqı tamamlanaraq baxılması üçün hərbi məhkəmələrə göndərilmişdir. 

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissələrinin sabiq maliyyə xidməti rəisləri Rüstəmov İlqar Faiq oğlunun, Əliyev Zaur Bayram oğlunun, Nəzərov Şahmar Məmməd oğlunun, Salamov Məmməd Akif oğlunun, Əliyev Rauf Əsgər oğlunun, Sadıqov Aydın Fəxrəddin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci, 313-cü və 326.1-ci maddələri ilə başlanmış cinayət işlərinin istintaqı yekunlaşaraq baxılması üçün hərbi məhkəmələrə göndərilmişdir. Cinayət törətmiş şəxslərin əməlləri nəticəsində dövlətə vurulmuş 421 min 347 manat maddi ziyan istintaq zamanı tam ödənilmişdir. 

Cari ilin altı ayında hərbi prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində axtarışda olanlardan 26 nəfər tapılıb istintaqa cəlb edilmişdir. 

Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına dair 74 yoxlama keçirilmiş, nəticədə 1245 qanun pozuntusu aşkar edilmiş, qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 131 təqdimat göndərilmiş, 93 nəfərə xəbərdarlıq edilmiş, 35 cinayət işi başlanmış, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 83 yazılı göstəriş verilmişdir. Prokurorun təqdimatlarının baxılması nəticəsində 209 nəfər intizam məsuliyyətinə cəlb edilmişdir. Dövlət ittihamının müdafiəsi şöbəsi tərəfindən birinci instansiya məhkəmələrinin hökm və qərarlarından verilmiş 25 apelyasiya protestinin 64 faizi təmin olunmuşdur. Cinayətkarlığın profilaktikası üçün məhkəmə qərar və hökmlərinin rolunun artırılması, məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə 112 məhkəmə prosesi səyyar qaydada keçirilmişdir. 

Cari ilin birinci yarımilində Azərbaycan Respublikasının hərbi prokurorluq orqanlarında vətəndaşların 889 müraciətinə baxılmış, 365 vətəndaş mərkəzi aparatda qəbul olmuş, ərazi hərbi prokurorluğunda 1929 vətəndaşın fərdi qəbulu aparılmış, bilavasitə hərbi hissə və birləşmələrdə 1120 nəfər qəbul edilərək müraciətləri üzrə müvafiq qərarlar qəbul olunmuşdur. 

Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırımına görə məsuliyyəti nəzərdə tutan 103-cü və digər maddələri ilə istintaq olunaraq cinayət işi üzrə 287 təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Görülmüş müsbət işlərlə yanaşı, kollegiyada “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunmuşdur. İbtidai istintaq, təhqiqat üzərində prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi, dövlət ittihamının müdafiəsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi tənqid olunmuş və onların aradan qaldırılması üçün konkret göstərişlər verilmişdir. 

Hərbi qulluqçuların hüquqi maarifləndirilməsi sahəsində də müəyyən işlər görülmüş, qanunvericiliyin öyrənilməsi ilə əlaqədar “Hərbi prokurorluq orqanları ilə Silahlı Qüvvələrdə hüquq qaydalarının, hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin xəbərdarlıq edilməsi və aradan qaldırılması sahəsində Respublika Hərbi Prokurorluğunun, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunlarla birgə Tədbirlər Planı”na əsasən, Hərbi Prokurorluğun əməkdaşları müntəzəm olaraq hərbi hissələrdə olmuş, hərbi qulluqçular qarşısında çıxışlar, məruzələr, söhbətlər aparmışlar. 

Xanlar Vəliyev diqqətə çatdırmışdır ki, hərbi prokurorluq orqanlarının hərbi qulluqçularının sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür. Hərbi Prokurorluğun vəzifə borclarını layiqincə yerinə yetirən 14 işçisinə respublika hərbi prokurorunun əmrinə əsasən, məharət dərəcələri verilmişdir. 

Hesabat dövründə xidməti fəaliyyətlərində fərqlənmiş 6 əməkdaş hərbi prokurorun təqdimatına əsasən, baş prokurorun əmri ilə həvəsləndirilmişdir. Hərbi prokurorun əmri ilə 16 işçi vəzifəsində irəli çəkilmiş, 6 işçi intizam məsuliyyətinə cəlb olunmuşdur. Hərbi Prokurorluğun 38 əməkdaşı isə müxtəlif medallarla təltif edilmişdir. 

İlin birinci yarısında Hərbi Prokurorluğun maddi-texniki vasitələrlə, xidməti bina, nəqliyyat və rabitə vasitələri, habelə başqa növ təminatlarla təchiz edilməsi üçün müvafiq işlər görülmüşdür. Sonra məruzə ətrafında çıxışlar olmuşdur. 

Kollegiyada çıxış edən respublika hərbi prokurorunun müavini Rasim Kazımov, Qazax hərbi prokuroru Şahin Zamanov, Lənkəran hərbi prokuroru İmran Əhmədov, Zaqatala hərbi prokuroru Mustafa Əsgərov hesabat dövründə görülmüş işlərdən danışmış, nöqsanların aradan qaldırılması, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığa qarşı səmərəli mübarizənin təmin olunması ilə əlaqədar hərbi prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün görüləcək tədbirlər barədə ətraflı məlumat vermişlər. 

Kollegiya iclasında, həmçinin ərazi hərbi prokurorluqlarında keçirilən əməliyyat müşavirələrinin nəticələri hərtərəfli müzakirə olunmuş, tabe prokurorluqların əməkdaşları tərəfindən qaldırılan və işin səmərəliliyinin artırılması baxımından həlli vacib məsələlərin tənzimlənməsi istiqamətində qarşıda duran konkret vəzifələr müəyyənləşdirilmiş, əlaqədar struktur qurumlarına konkret göstərişlər verilmişdir. 

Respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev kollegiyaya yekun vuraraq demişdir ki, hərbi prokurorluq orqanları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi yüksək qayğı və etimadı layiqincə doğrultmaq, qanunun aliliyini, hərbi idarəçilik orqanlarında insan və vətəndaş hüquq və azadlıqlarına dönmədən əməl olunmasını, habelə cinayətkarlığa qarşı mübarizəni təmin etmək üçün bütün zəruri tədbirləri bundan sonra da dönmədən həyata keçirəcəklər.