Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2013-09-21
DAXİLİ İŞLƏR NAZİRLİYİ VƏ RESPUBLİKA BAŞ PROKURORLUĞUNUN MƏTBUAT XİDMƏTLƏRİNDƏN

Son vaxtlar müxtəlif kütləvi informasiya vasitələrində və ayrı-ayrı şəxslərin çıxışlarında ölkədəki kriminogen durumla, xüsusən ağır cinayətlərlə bağlı həqiqətə uyğun olmayan fikirlər səsləndirilir. 

Bununla əlaqədar qeyd etməyi vacib sayırıq ki, respublikamızda son 5 ildə hər il orta hesabla bütün subyektlər üzrə 22 - 22,5 min cinayət qeydə alınıb və onların təxminən 85-90 faizinin açılması təmin edilib. Ümumilikdə, bu hadisələrin 10 faizə qədərini ağır cinayətlər təşkil edir, qalanları isə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərdir. Müqayisə üçün onu da qeyd etmək yerinə düşər ki, əhalinin hər yüz min nəfərinə nisbətdə Azərbaycanda qəsdən adam öldürmə və ona cəhdlər cəmi 2,7 fakt, quldurluqlar 1,9 fakt, hədə-qorxu ilə tələb etmələr 0,3 fakt, banditizm 0,01 fakt təşkil etməklə əksər Avropa, Amerika və Asiya dövlətləri ilə müqayisədə 2-10 dəfə azdır. 

Ölkəmiz əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayının azlığına, eyni zamanda ictimai asayişin və təhlükəsizliyin etibarlı təmin olunmasına görə son 5 ildə də MDB və Şərqi Avropa məkanında tutduğu öncül mövqeni saxlamış, əhalinin hər yüz min nəfərinə orta hesabla 250 cinayət düşür. Halbuki, digər ölkələrdə bu fakt 400, 500, 1000, hətta 1000-dən də yuxarıdır. Lakin təəssüflə qeyd etməliyik ki, bəzi ölkələrlə müqayisədə respublikamızda ağır cinayətlərin bir növü kimi ailə-məişət zəminində törədilən cinayətlərin sayında nisbi artım müşahidə olunur. 

İntihar halları ilə bağlı isə onu qeyd etməyi vacib sayırıq ki, Azərbaycanda bu qəbildən olan hadisələrin sayı Avropanın inkişaf etmiş ölkələri və MDB iştirakçısı olan dövlətlərlə müqayisədə olduqca aşağıdır. 

Bir daha xatırladırıq ki, cinayətkarlıqla mübarizə mövzusunda yazan, kriminogen durumla bağlı danışan hər bir şəxs daha məsuliyyətli, siyasi konyukturadan, şəxsi maraqlardan uzaq olmalıdır.