Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2013-10-01
Bakı şəhər prokurorluğunda elmi-praktik konfrans keçirilmişdir

Oktyabrın 1-də Bakı şəhər prokurorluğunda prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan Respublikası Prokurorluğu orqanlarının yaranmasının 95 illik yubileyi münasibəti ilə “Prokurorluq orqanları qanunçuluğun və huquq qaydalarının etibarlı təminatçısıdır” mövzusunda elmi-praktik konfrans  keçirilmişdir.

Mərasim iştirakçıları əvvəlcə şəhər prokurorluğunun inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri düzmüşlər.

Peşə bayramı və prokurorluq orqanlarının yaradılmasının 95 illik yubileyi münasibətilə ilə prokurorluq əməkdaşlarını təbrik edən Bakı şəhər prokuroru Əziz Seyidov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin tarixi reallığı bərpa edən, 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə  oktyabrın 1-nin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilməsinin bütövlükdə prokurorluq əməkdaşları üçün müstəsna əhəmiyyət kəsb edən tarixi hadisə olmasını xüsusi vurğulamışdır.

 


Bildirilmişdir ki,  prokurorluğun qanunçuluğun təmini, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində nüfuzlu dövlət təsisatına çevrilməsi, fəaliyyətini dövrün tələbləri səviyyəsində qurması məhz ulu öndərin rəhbərliyi altında aparılmış mütərəqqi islahatlar nəticəsində mümkün olmuşdur. Dövlət səviyyəsində hərtərəfli qayğı və diqqətin sayəsində bu gün Azərbaycan Prokurorluğu respublikanın məhkəmə və hüquq-mühafizə orqanları ilə yeni müstəvidə qurulmuş qarşılıqlı əlaqəli şəkildə fəaliyyət göstərən, insan hüquq və azadlıqlarının müdafiəsinə, cinayətkarlıqla mübarizə işinə xidmət göstərən sivil bir dövlət orqanına çevrilmişdir. Cəmiyyətdə prokurorluq orqanlarına qarşı ictimai etimad artmış və digər dövlət təsisatları sırasında layiqli yerini tutmuşdur.

Mərasimdə inam ifadə olunmuşdur ki, dövlətinə, xalqına və prezidentinə hər zaman sadiqlik nümayiş etdirən Azərbaycan Respublikası Prokurorluğu orqanları qanunla üzərinə düşən bütün vəzifələri məsuliyyətlə yerinə yetirməklə, cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı mübarizədə prinsipial mövqe tutmaqda davam edəcək, vətəndaşların azad və təhlükəsiz yaşamaq kimi fundamental hüququnun reallaşdırılması sahəsində bütün zəruri tədbirləri həyata keçirəcəkdir. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlətçilik siyasətini hərtərəfli dəstəkləyən Bakı şəhər prokurorluğu qarşıya qoyulmuş vəzifələrin gələcəkdə də layiqincə yerinə yetirilməsi, bu məqsədlə əməkdaşların xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi üçün bütün zəruri tədbirlərin yerinə yetirilməsini təmin edəcəkdir.

Konfransda Bakı şəhər prokurorunun köməkçisi Günel Əkbərova “Prokurorluq orqanları qanunçuluğun və huquq qaydalarının etibarlı təminatçısıdır” mövzusunda çıxış edərək Azərbaycan Prokurorluğunun tarixi və inkişaf yolu barədə məlumat vermiş,  ictimai həyatın bütün sahələri üzrə yeniləşən Azərbaycanın möhkəm təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafında, milli dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən qorunmasında, kriminogen durumun sabitliyində, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının təminatında prokurorluq orqanlarının rolundan ətraflı danışmışdır.

Mərasimə yekun vuran Bakı şəhər prokuroru Əziz Seyidov peşə bayramı günü münasibəti ilə xidmətlərində fərqləndiyinə görə Baş prokuror tərəfindən mükafatlandırılmış Bakı şəhər prokurorluğunun və rayon prokurorluqlarının bir qrup əməkdaşlarını bir daha təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.