Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2013-10-19
DAXİLİ İŞLƏR, MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİKLƏRİ VƏ RESPUBLİKA BAŞ PROKURORLUĞUNUN MƏTBUAT XİDMƏTLƏRİNDƏN

Xəbər verildiyi kimi, oktyabrın 16-da Qusar şəhərində naməlum şəxslərvalyutadəyişmə məntəqəsinin işçisi Sadir Mustafayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirərək üzərindəki 6000 manatı qarət yolu ilə ələ keçirmişlər.

"İsti iz"lərlə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisəni törədənlərdən biri-şəhər sakini Edik Rüstəmov saxlanılmışdır. 

Cinayət yolu ilə əldə edilmiş pulun götürülməsi üçün Rayon Polis Şöbəsinin əməkdaşları şəhər kənarındakı meşə zolağına daxil olarkən E.Rüstəmovla cinayətkar əlaqələri olan 2 naməlum şəxs tərəfindən odlu silahdan açılan atəş nəticəsində polis

mayoru Qalib Quliyev həlak olmuş, digər 3 əməkdaş isə müxtəlif dərəcəli xəsarətlər almışdır.

Sonrakı əməliyyat-axtarış tədbirləri ilə silahlı hücumun Qusar sakinləri Faiq Şahmuradov və Ramiz Rəhimxanov tərəfindən törədilməsi müəyyən edilmişdir.

Hüquq-mühafizə orqanları əməkdaşlarının birgə həyata keçirdikləri intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində onların gizləndikləri yer müəyyən olunmuşdur.

Silahlı cinayətkarların zərərsizləşdirilməsi üçün xüsusi əməliyyat tədbiri keçirilmiş, bu zaman həmin şəxslər avtomat, tapança və əl qumbaralarından istifadə etməklə şiddətli müqavimət göstərmişlər. Nəticədə Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qrupu tərəfindən Faiq Şahmuradov və Ramiz Rəhimxanov məhv edilmişlər.

Onların meşə massivində gizləndikləri xüsusi hazırlanmış siğınacağa baxış zamanı 1 avtomat, 2 tapança, çoxlu sayda əl qumbaraları, süngü-bıçaqlar və digər döyüş sursatları, həmçinin xeyli miqdarda müxtəlif ərzaq məhsulları götürülmüşdür.

Göstərilən faktlar üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.