Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2013-11-27
RESPUBLİKA BAŞ PROKURORLUĞU VƏ DAXİLİ İŞLƏR NAZİRLİYİ MƏTBUAT XİDMƏTLƏRİNİN MƏLUMATI

Xəbər verildiyi kimi, cari il noyabrın 24-də Zaqatala rayonunda ağır cinayət hadisəsi törədilmişdir. Rayonun Yuxarı Tala kəndi ərazisində “VAZ-2107” markalı avtomobildən “Hyundai Elantra” markalı avtobilin odlu silahla atəşə tutulması nəticəsində sərnişinlər - Balakən rayon sakini Kamil Hüşənov, Bakı şəhər sakinləri Vasif Cəfərov və Vüqar Rəcəbov qətlə yetirilmiş, sürücü, Balakən rayon sakini Vüsal Əliqayev isə xəsarət almışdır.  

Cinayətin xüsusilə ağır olduğunu və geniş ictimai rezonans doğurduğunu nəzərə alan Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun rəhbərliyinin göstərişi ilə peşəkar əməkdaşlardan ibarət əməliyyat-istintaq qrupu yaradılaraq dərhal rayona ezam olunmuş, hadisə yerinə baxış və digər zəruri prosessual, əməliyyat-axtarış tədbirləri görülmüşdür.   

"İsti izlər"lə bu ağır cinayətin əvvəllər məhkum olunmuş Samir Osmanov və digərləri tərəfindən törədilməsi müəyyən edilmişdir.

Təxirəsalınmaz tədbirlərlə cinayətin iştirakçıları - Samir Osmanov, "VAZ-2107" markalı avtomobilin sürücüsü Bəhruz Layıcov, onun qardaşları Vüqar və Eldəniz, Vüsal Əliqayev, Pərviz Qarayev, Aydın Sayılov və Ömər Orucov saxlanılmışlar. Əməliyyat-istintaq yolu ilə iş üçün mühüm əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan 1 avtomat silah, 1 patron darağı, 9 avtomat patronu və 1 mətbəx bıçağı götürülmüşdür.

Bu istiqamətdə aparılmış tədbirlərin davamı olaraq, Bəhruz və onun qardaşı, hazırda həbsdə olan Harun Layıcova məxsus evlərə baxış zamanı isə Almaniya istehsalı olan 1 ədəd avtomat silah, 5 əl qumbarası, 4 ədəd radiostansiya, 1 fişəngatan tapança, 18 ədəd fişəng, 823 ədəd müxtəlif çaplı patron, 1 səs qumbarası, uzaqdan idarə edilən partlayıcı qurğunun detektoru,  maska, qandal, xeyli sayda digər hərbi sursat, həmçinin 8 kiloqrama yaxın narkotik vasitə aşkar edilmişdir.

Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 228.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanmışdır.

Baş vermiş ağır cinayət hadisəsi üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.