Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2014-04-14
Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsinin birgə məlumatı

Paytaxtın Sabunçu rayonunun hüquq mühafizə orqanları əməkdaşları tərəfindən isti izlərlə həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücünün müəyyən edilərək məsuliyyətə cəlb olunması təmin olunmuşdur.

Belə ki, aprelin 12-də saat 16 radələrində rayonun Maştağa qəsəbəsində naməlum avtomobilin yol hərəkəti qaydalarını pozaraq yolu keçən piyada Kərimov Yaqub Rauf oğunu vurub hadisə yerindən qaçması və sonuncunun ağır xəsarət alması faktına görə Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmışdır.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin sürücülük vəsiqəsi olmadan «Renault-Tondar» markalı «99-GB-456» dövlət qeydiyyat nişanlı avtomobili idarə edən 1991-ci il təvəllüdlü Həsənov Taleh Məzahir oğlu tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhə yarandığından, o, aprelin 13-də tutularaq istintaqa cəlb olunmuşdur.

Hadisə nəticəsində xəsarət almış zərərçəkmiş Y.Kərimovun xəstəxanada ölməsi faktına görə cinayət işi həmin Məcəllənin 263-1.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif edilmişdir.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.