Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2014-04-29
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatı

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən konkret cinayət işi ilə bağlı yaranmış zərurətlə əlaqədar Bakı şəhərində fəaliyyət göstərməklə hüquqi qeydiyyatdan keçməyən “Sülh və Demokratiya İnstitutu” adlı qurumun sədri Leyla Yunusova və həmin institutda ekspert qismində çalışan Arif Yunusovun şahid qismində dindirilməsi nəzərdə tutulmuşdur. Cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq onların iş üzrə dindirilmələri üçün istintaqa gəlmələri məqsədi ilə çağırış vərəqələri şəxsən təqdim edilməsinə, həmçinin dəfələrlə telefon əlaqəsi yaradılmasına baxmayaraq  hər iki şəxs üzürlü səbəb olmadan qəsdən istintaqdan yayınmışlar. Arif Yunusov aprelin 25-də “Hipertoniya xəstəliyi III dərəcəli, hipertonik kriz” diaqnozu ilə xəstəxanaya daxil olaraq aprelin 28-də xəstəxanadan buraxılsa da ifadə vermək üçün istintaqa gəlməmiş və bankların birindən külli miqdarda pul vəsaitini çıxarmağa cəhd etmişdir.

Aprelin 28-də Leyla və Arif Yunusovlar bəzi xarici ölkə səfirliklərinin əməkdaşlarının köməkliyi ilə respublikanı birdəfəlik tərk etmək niyyətilə saat 23:00 radələrində Bakı Beynəlxalq Aeroportuna gələrək Bakı-Doha aviareysi ilə Avropa ölkələrindən birinə getmək istəyərkən istintaqdan yayınmalarının qarşısı alınmışdır. Yasamal rayon məhkəməsinin qərarı əsasında onların şəxsi yük baqajına baxış keçirilərkən oradan iş üçün əhəmiyyət kəsb edən sənəd və əşyalar, o cümlədən Leyla Yunusovanın xarici ölkədə adına olan mülkə dair sənədlər, informasiya daşıyıcıları və digər sənədlər aşkar edilərək maddi sübut kimi götürülmüşdür.

Eyni zamanda həmin məhkəmənin qərarı əsasında onların yaşadıqları və işlədiyi ünvanlarda axtarış aparılmışdır.

Leyla Yunusova iş üzrə şahid qismində dindirilmiş, Arif Yunusov isə səhhətinin pisləşməsi ilə əlaqədar müalicəsinin davam etdirilməsi üçün yenidən xəstəxanaya yerləşdirilmişdir.

Həyata keçirilən bütün istintaq hərəkətlərində Leyla Yunusovanın özünün dəvət etdiyi müdafiəçinin iştirakı təmin edilmiş və cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət edilməklə iş üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.