Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2014-06-09
Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu Mətbuat xidmətlərinin məlumatı

Daxili işlər və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Mingəçevir şəhərində törədilmiş qətlin "isti izlər"lə açılması və onun törədilməsində şübhəli bilinən şəxsin tutularaq məsuliyyətə cəlb olunması təmin edilmişdir.

Belə ki, iyunun 2-də Mingəçevir şəhər sakini Tural Quliyevin yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilmişdir.

Faktla əlaqədar şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Hacıqabul şəhər sakini Bəhram Dadaşov tutulmuş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

İlkin araşdırmalarla müəyyən edilmişdir ki, mayın 31-də axşam B.Dadaşov mobil telefon vasitəsi ilə tanış olduğu, özünü “Gülər” kimi təqdim edən T.Quliyevin  evinə gəlmiş və gecə saat 03 radələrində münaqişə zəminində sonuncunu qətlə yetirmişdir.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.