Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2014-07-23
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatı

İyulun 22-də saat 05:30 radələrində paytaxtın Səbail rayonu ərazisində, “Xəqani” bağının yaxınlığında Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Quliyev Şahin Elçin oğlunun bədəninin müxtəlif nahiyələrindən aldığı kəsilmiş-deşilmiş xəsarətlərlə bağlı xəstəxanaya yerləşdirilməsi faktına görə Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq,  silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanmışdır.

İstintaqla müəyyən edilmişdir ki, Şirvan şəhər sakini Kərim Kərimov həmyerliləri Fuad Əliyev, İlham Şadıyev və Əli Süleymanov ilə birlikdə “Xəqani” bağında olarkən ictimai qaydanı kobud şəkildə pozaraq Şahin Quliyevlə mübahisə etmişlər. Bu zaman K.Kərimov üstündə gəzdirdiyi bıçaqla, Fuad Əliyev isə fiziki zor tətbiq etməklə Ş.Quliyevə müxtəlif dərəcəli bədən xəsarətlər yetirərək hadisə yerindən qaçmışlar.   

Paytaxtın hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Kərim Kərimov və Fuad Əliyev tutularaq istintaqa cəlb olunmuşlar. K.Kərimovun üzərinə baxış keçirilərkən bir ədəd bıçaq və “beşbarmaq” aşkar edilərək maddi sübut kimi götürülmüşdür.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.