Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2014-08-04
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları faktlarına dair Ədliyyə Nazirliyindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanmışdır.

Cinayət işi üzrə çoxsaylı dindirmə, baxış, axtarış, götürmə və sair istintaq hərəkətləri yerinə yetirilmiş, Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş məlumatlarda Cəfərov Rəsul Ağahəsən oğlunun həmtəsisçisi və sədri olduğu hüquqi qeydiyyatı olmayan “İnsan hüquqları klubu” ictimai birliyində şübhəli bank əməliyyatları həyata keçirilməsi qeyd edildiyindən birliyin fəaliyyəti məhkəmə qərarı əsasında Maliyyə və Vergilər nazirlikləri, həmçinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mütəxəssisləri tərəfindən yoxlanılmışdır.

Rəsul Cəfərovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə 2010-cu ilin oktyabr ayından etibarən ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondu (NED) və digər donor təşkilatlarla bağladığı qrant müqavilələrini müvafiq icra hakimiyyəti orqanında qeydə alınmasını təmin etmədən qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirərək 147.900 manat məbləğində külli miqdarda gəlir əldə etməklə, habelə dövlət büdcəsinə ödənilməli olan 6.162 manat məbləğində xeyli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr mövcuddur.

Rəsul Cəfərovun Cinayət Məcəlləsinin 192.2.2, 213.1 və 308.2-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsində əsaslı şübhələr olduğundan təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə istintaq davam etdirilir.