Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-05-04
Baş Prokurorluqda prokurorluq orqanlarının qarşısında duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilmişdir

Mayın 4-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda rəhbər heyətin iştirakı ilə prokurorluq orqanlarının qarşısında duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilmişdir.

Müşavirədə məruzə ilə çıxış edən baş prokuror Zakir Qaralov xalqımızın ümummilli lideri Heydər Əliyevin 2000-ci il aprelin 26-da respublika prokurorluğunun rəhbər işçiləri ilə keçirdiyi tarixi görüşdən sonrakı 10 il ərzində məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluqda həyata keçirilən islahatlara, dövlətçiliyin maraqlarının müdafiəsi naminə görülən işlərə Prezident İlham Əliyev tərəfindən yüksək qiymət verildiyini, bunun nəticəsi olaraq Milli Məclisin razılığı ilə üçüncü dəfə məsul dövlət vəzifəsinə təyin olunduğunu diqqətə çatdırmış, göstərilən etimadı prokurorluq orqanlarının fəaliyyətinə, onun kollektivinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirmişdir. Bildirilmişdir ki, göstərilən yüksək etimadın məsuliyyətini dərindən dərk edən Azərbaycan Prokurorluğunun rəhbərliyi və kollektivi prokurorluğun işinin bu etimada layiq səviyyədə təşkili üçün bütün imkanlarını səfərbərliyə almalı, həvalə edilmiş vəzifələrin icrası istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

Baş prokurorun çıxışında ötən müddət ərzində prokurorluq orqanları tərəfindən “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə səmərəli fəaliyyətin, cinayətkarlığa qarşı kəsərli mübarizənin, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, sağlam iş mühiti yaradılmaqla müasir tələblər səviyyəsində işləməyə qadir kadr tərkibinin formalaşdırılması sahəsində əhəmiyyətli işlərin görüldüyü, digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqədə mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərinə qarşı barışmaz mübarizə aparıldığı, cinayətkar dəstələrin zərərsizləşdirildiyi və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunduğu nəzərə çatdırılmışdır.

Xüsusi vurğulanmışdır ki, 2003-cü ildən başlayaraq, Azərbaycan Prokurorluğunun həyatında məzmunca yeni bir dövrün əsası qoyulmuş, Azərbaycan Prezidenti İlham Əliyevin milli prokurorluq orqanlarına hərtərəfli qayğısı nəticəsində onun fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, prokurorluq əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi üçün dövlət səviyyəsində ən zəruri tədbirlər həyata keçirilmişdir.

Hazırda prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsinin qarşıda duran əsas vəzifə olduğu bildirilmiş, prokurorluqda yeni informasiya texnologiyalarının tətbiqi ili elan edilmiş 2010-cu ildə Azərbaycan Prezidentinin təsdiq etdiyi və prokurorluğun tarixində hərtərəfli təkmilləşmə və müasirləşdirmə dövrünün əsasını qoyan “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində görüləcək tədbirlər müəyyənləşdirilmişdir.

Ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin, həyatımızın bütün sahələrində gənclərin əməyindən daha səmərəli istifadə olunması barədə dövlətimizin başçısının göstərişlərinin icrası istiqamətində atılan mühüm addım kimi, kadr tərkibinin müsabiqə yolu ilə həyata keçirilən qulluğa qəbul nəticəsində 40 faizdən çoxunun gənc mütəxəssislər hesabına komplektləşdirilməsinin əhəmiyyəti vurğulanmaqla, kadrların peşə hazırlığı səviyyəsinin artırılması, Baş Prokurorluğun bütün struktur qurumlarının əməkdaşlarının tutduqları vəzifələrə uyğunluğu məsələlərinin test vasitəsilə yoxlanılması üçün xüsusi proqramların hazırlanması və tətbiqinə başlanılması, xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, əməkdaşlara münasibətdə prinsipiallığın artırılması, onlar tərəfindən yol verilən hər bir qanun pozuntusu faktı üzrə ən qəti tədbirlərin görülməsi barədə tapşırıqlar verilmişdir.

Baş prokurorun çıxışında mərkəzi aparat rolunu oynayan Baş Prokurorluğun fəaliyyətinin və tabe qurumların işinə nəzarət mexanizminin təkmilləşdirilməsi, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyinin artırılması, istintaqın keyfiyyətinin yüksəldilməsi üçün ən qəti tədbirlərin görülməsi mühüm vəzifə kimi müəyyənləşdirilmiş, cinayət işlərinin məhkəmələr tərəfindən prosessual rəhbərliyi həyata keçirən prokurorlara qaytarılması və bəraət hökmlərinin verilməsi, habelə cinayət işləri üzrə məhkəmələr tərəfindən prokurorlar və istintaq işçiləri barədə xüsusi qərarların çıxarılması hər bir halda ciddi xidməti qüsurlar kimi qiymətləndirilməli və təqsirkar prokurorluq əməkdaşları barədə təsirli tədbirlər görülməlidir. Cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədilə onun dinamika və strukturunda baş verən mənfi meyillərin ətraflı öyrənilməsi yolu ilə onların aradan qaldırılması üçün konkret qabaqlayıcı tədbirlərin müəyyənləşdirilməsi, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin kriminalistika şöbəsinin fəaliyyətinin daha da təkmilləşdirilməsi və bağlı qalmış cinayətlərin açılması işində prokuror-kriminalistlərdən və ən müasir texniki nailiyyətlərin imkanlarından istifadə olunması barədə tapşırıqlar verilmişdir. Məhkəmə səhvlərinin aradan qaldırılması və pozuntulara yol verən müstəntiqlər və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlar barəsində xüsusi qərarların çıxarılmasında dövlət ittihamçılarının təşəbbüskarlığının artırılmasının zəruriliyi vurğulanmışdır.

Vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu işinin təşkili, analitik işin daha da təkmilləşdirilməsi, tabe prokurorluqların fəaliyyətinin qiymətləndirilməsinin yeni meyarlarının müəyyənləşdirilməsi, Baş Prokurorluğun veb-saytının və “Azərbaycan Prokurorluğu” jurnalının fəaliyyətinin məzmunca yeni səviyyəyə qaldırılması, prokurorluğun fəaliyyəti barədə ictimaiyyətin daha ətraflı məlumatlandırılması üçün müasir informasiya texnologiyalarından istifadə olunması qarşıda duran vəzifələr kimi müəyyənləşdirilmişdir.

Çıxışının sonunda dövlətimizin başçısı İlham Əliyevə göstərdiyi yüksək inam və etimada görə bir daha minnətdarlığını bildirən baş prokuror Zakir Qaralov həmişə dövlət qayğısı ilə əhatə olunan Azərbaycan Respublikası Prokurorluğunun kollektivinin dövlətçilik maraqlarının hər cür qəsdlərdən qorunması, cinayətkarlığa qarşı kəsərli mübarizə aparılması, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün bütün zəruri tədbirləri görəcəyini vurğulamışdır. Baş prokurorun birinci müavini Rüstəm Usubov və digər natiqlər prokurorluq orqanlarına göstərilən etimada görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını və prokurorluğun işinin yüksək tələblər səviyyəsində təşkil ediləcəyinə, qarşıda duran vəzifələrin layiqincə yerinə yetiriləcəyinə inandıqlarını bildirmişlər.