Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-05-13
Kütləvi informasiya vasitələrinin nəzərinə

“Bizim Yol” qəzetinin 11-12 may 2010-cu il tarixli saylarında Kür çayında suyun səviyyəsinin qalxması nəticəsində baş verən təbii fəlakət zamanı Sabirabad və Hacıqabul rayonlarında yaranmış vəziyyətlə əlaqədar dərc olunmuş məqalələrdə mayın 8-də gecə saatlarında Hacıqabul rayonunun Abduluşaq kənd sakinləri ilə Sabirabad rayonunun Həşimxanlı, Ətcələr, Qəzli və Quruzma kənd sakinləri arasında silahlı insidentin baş verməsi barədə informasiya verilmişdir.

Baş Prokurorluq tərəfindən aparılan araşdırma ilə müəyyən edilmişdir ki, həmin informasiya həqiqətə uyğun deyil və təbii fəlakət zonasında əhali arasında hər hansı bir qarşıdurma və yaxud insident baş verməmişdir.

Vətəndaşlarımızın təbii fəlakət nəticəsində problemlərlə üzləşdiyi bir vaxtda sensasiya xatirinə yazılmış həmin məlumat real faktlara söykənmədən hazırlanmış və cəmiyyətdə çaşqınlıq yaranmasına yönəlmiş uğursuz cəhd kimi qiymətləndirilir.

Bununla əlaqədar, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri tərəfindən bu kimi halların gələcəkdə təkrarlanmaması və həqiqətə uyğun olmayan məlumatların yayılmaması məqsədilə həmin məlumatı dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünün hüquq mühafizə orqanlarının, o cümlədən Baş Prokurorluğun Mətbuat xidmətləri ilə dəqiqləşdirmələri xahiş olunur.