Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-06-17
«Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan və vətəndaş hüquq və azadlıqlarının təminatı» mövzusunda seminar keçirilmişdir

İyunun 17-də Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqrammı”nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyunun 18-nin “İnsan hüquqları günü” kimi qeyd olunması ilə əlaqədar Baş Prokurorluğun məsul əməkdaşlarının iştirakı ilə “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan və vətəndaş hüquq və azadlıqlarının təminatı” mövzusunda seminar keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov Azərbaycanda həyata keçirilən demokratik hüquqi islahatlar çərçivəsində son illər ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının etibarlı təmin olunması, ədalət mühakiməsinin səmərəliliyinin daha da yüksəldilməsi, məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi üzrə genişmiqyaslı islahatlar aparılması barədə ətraflı məlumat vermişdir.

“Prokurorluq orqanlarında aparılan islahatlar insan hüquq və azadlıqlarının qorunmasının təminatıdır”, “İnsan və vətəndaş hüquq və azadlıqlarını məhdudlaşdıran cəzaların təyini və icrasının hüquqi mexanizmi”, “İnsan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında prokurorluğun rolu və yeri” və sair mövzularda çıxış edən Baş Prokurorluğun idarə və şöbələrinin əməkdaşları insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin Azərbaycan dövlətinin prioritet fəaliyyət istiqamətlərindən hesab edilməsi, ölkə vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olması qeyd edilməklə, prokurorluq orqanları əməkdaşları tərəfindən gündəlik fəaliyyətlərində insan hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikasının qoşulduğu və tərəfdar çıxdığı beynəlxalq konvensiyaların prinsiplərinin nəzərə alınması xüsusi vurğulanmışdır.

Seminarda iştirak edən Ombudsman Aparatının məsul əməkdaşı insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında prokurorluq orqanları ilə təmsil etdiyi qurumun qarşılıqlı əlaqələri barədə ətraflı məlumat verərək, həmin sahədə həyata keçirilən birgə əməkdaşlığın səmərəliliyini diqqətə çatdırmışdır.

Qarşılıqlı dialoq şəraitində keçən seminarda respublikamızda insan və vətəndaş hüquq və azadlıqlarının konstitusion, cinayət, cinayət-prosessual, mülki, mülki-prosessual, əmək, inzibati və sair təminatlarından hərtərəfli danışılmış, bu istiqamətdə prokurorluq orqanlarının digər qurumlarla qarşılıqlı əlaqədə həyata keçirdiyi tədbirlər və sair məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.