Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-06-18
Cinayəti törətmiş şəxs isti izlərlə yaxalanmışdır

İyunun 18-də saat 04.20-də Gəncə şəhəri, Kəpəz rayon Polis Şöbəsinin növbətçi hissəsindən Gəncə şəhər sakini Nəbiyeva Sinəxanım Abbas qızının yaşadığı evdə naməlum şəxs tərəfindən bıçaqla vurularaq xəsarət alması və aldığı xəsarət nəticəsində həmin ünvanda ölməsi barədə şəhər prokurorluğuna daxil olmuş məlumat əsasında Gəncə şəhər prokurorluğu və şəhər Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan bir ədəd mətbəx bıçağı götürülmüşdür.

Faktla bağlı şəhər prokurorluğunda həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin olunmuşdur.

Aparılmış ilkin istintaqla müəyyən edilmişdir ki, 1973-cü il təvəllüdlü, Gəncə şəhər sakini Həsənov Rövşən Firuddin oğlu iyunun 18-də ailə münaqişəsi zəminində qayınanası - 1949-cu il təvəllüdlü Sinəxanım Nəbiyevanı yaşadığı ünvanda qəsdən bədəninin müxtəlif nahiyələrinə, o cümlədən döş qəfəsinə bıçaqla bir neçə dəfə vurub öldürməklə həyatdan məhrum etmiş və hadisə yerindən qaçıb gizlənmişdir.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Rövşən Həsənov şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanaraq istintaqa təqdim olunmuşdur.

Hazırda cinayət işi üzrə istintaq Gəncə şəhər prokurorluğunda davam etdirilir.