Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-06-24
Hacıqabul şəhərində ər arvadını qısqanclıq zəminində öldürmüşdür

İyunun 23-də saat 23 radələrində Hacıqabul şəhəri, Axundov küçəsi 7 saylı evdə yaşayan 1979-cu ildə anadan olmuş Haxverdiyev Mahir Tofiq oğlu qısqanclıq zəminində arvadı - 1991-ci ildə anadan olmuş Polatova Tünzalə Səyyad qızını yaşadıqları evdə iplə boğaraq qəsdən öldürmüşdür.

Rayon Polis Şöbəsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə çıxaraq hadisə yeri və meyitə baxış keçirilmiş, fotoşəkillər çəkilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş, meyit daxili müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Hacıqabul rayon şöbəsinə göndərilmişdir.

Faktla bağlı rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Aparılmış təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M.Haxverdiyev cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanılaraq dindirilmiş və o, ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf etmişdir.

İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və hazırda istintaq rayon prokurorluğunda davam etdirilir.