Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-07-02
Ölkədə kriminogen duruma nəzarət olunur

Respublikanın prokurorluq və daxili işlər orqanları tərəfindən ölkədə kriminogen duruma nəzarət olunması, asayişin mühafizəsi, qeyri-aşkar şəraitdə baş vermiş ağır və xüsusilə ağır cinayətlərin açılması istiqamətində həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri cari ilin ötən dövründə də uğurla davam etdirilmiş, şəxsiyyət əleyhinə olan bir sıra ağır cinayətlərin açılması təmin olunaraq, onları törətmiş şəxslər tutulub məsuliyyətə cəlb edilmişlər.

Ötən ilin oktyabr ayında paytaxt sakini Rauf Həsənovun idarə etdiyi «Nissan-Teana» markalı avtomobillə evdən çıxıb geri qayıtmaması, noyabrın 5-də isə həmin nəqliyyat vasitəsinin Quba şəhərində yanmış vəziyyətdə tapılması faktı ilə əlaqədar aparılmış istintaq-əməliyyat tədbirləri ilə cinayətin iştirakçılarından olan Fərhad Süleymanov müəyyən edilmişdir. Sonuncu cari ilin fevral ayında Heydər Əliyev adına Beynəlxalq hava limanında ölkəni tərk etmək istəyərkən saxlanılmışdır. Yaşadığı ünvanda və bağ evində aparılmış axtarışla ona məxsus İtaliya istehsalı olan 1 tapança və 8 patron aşkar edilib götürülmüşdür.

İstintaq prosesində F.Süleymanov qətlin digər iştirakçıları barədə məlumat vermiş, eləcə də cinayətin icraçısına “Makarov” tipli tapança verdiyini etiraf etmişdir. Məlum olmuşdur ki, zərərçəkmiş Rauf Həsənovun Moskva şəhərində yaşayan Mustafa Aslanovla birgə kommersiyadan əldə etdikləri 5 milyon ABŞ dollarının bölüşdürülməsi zamanı aralarında narazılıq yarandığından sonuncu onu öldürmək qərarına gəlmiş və bu məqsədlə Moskvada yaşayan tanışı İlya Şabanovu Bakı şəhərinə göndərmişdir. 2009-cu il oktyabrın 31-də Nərimanov rayonu ərazisində İlya Şabanov Rauf Həsənovla görüşərək onu Fərhad Süleymanovla birgə Goradil qəsəbəsindəki bağ evinə gətirmiş, orada tapançadan bir neçə dəfə atəş açaraq qətlə yetirmişdir. Onlar cinayətin izini itirmək məqsədilə meyiti Samur-Abşeron kanalına atmış, Fərhad Süleymanov isə Rauf Həsənovun avtomobilini Quba şəhərinə apararaq orada yandırmışdır. Rauf Həsənovun meyiti 2010-cu il mayın 27-də Xızı rayonunun ərazisindən keçən Samur-Abşeron kanalındakı su təmizləmə kollektorunda aşkarlanmışdır. Fərhad Süleymanov ittiham olunaraq barəsində həbs qətimkan tədbiri seçilmiş, cinayətin ölkənin hüdudlarından kənarda olan digər iştirakçıları axtarışa elan edilmişlər.

Bundan əlavə, 2010-cu il yanvarın 30-da Qax rayonunun Qaxingiloy kənd sakini Pərviz Məmmədovun üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evin yaxınlığında tapılması faktı üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri ilə qətlin zərərçəkmişin həmkəndlisi Levani Dukaşvili tərəfindən törədildiyi müəyyən edilmişdir. Prosessual araşdırmalar göstərmişdir ki, o, yanvarın 30-da Pərviz Məmmədov və qeyriləri ilə birgə yeyib-içdikdən sonra aralarında baş vermiş münaqişə zəminində sonuncunun sifətinə daşla xəsarət yetirmişdir. Sonra isə yaşadığı evin həyətində gizlətdiyi “TOZ-8” markalı tüfəngi götürüb hadisə yerinə qayıtmış və Pərviz Məmmədova atəş açıb onu qəsdən öldürmüşdür. Cari ilin yanvarında iş üzrə ibtidai istintaq tamamlanaraq məhkəmə baxışına təqdim edilmişdir.

2010-cu il mayın 9-da Şəmkir rayon Dəllər qəsəbəsinin sakini Almaz Qurbanovanın “Vinçester” tipli silahdan atəş açaraq intihar etməsi barədə daxil olmuş məlumat üzrə aparılmış istintaq-əməliyyat tədbirləri ilə hadisədə qəsdən adamöldürmə cinayətinin əlamətləri müəyyən edilmişdir. Həyata keçirilən təxirəsalınmaz prosessual hərəkətlərlə Almaz Qurbanovanın ailə münaqişəsi zəminində həyat yoldaşı Fəxrəddin Rzayev tərəfindən qəsdən öldürüldüyü sübuta yetirilmiş və sonuncu törətdiyi əməli etiraf etmişdir. Cinayətin aləti olan odlu silah isə maddi sübut kimi götürülmüşdür.

2010-cu il mayın 30-da paytaxtın Nəsimi rayonu ərazisindəki köhnə avtovağzalın həyətində üzərində deşici-kəsici alətlə yetirilmiş çoxsaylı xəsarətlər olan Bakı şəhər sakini Famis İbrahimovun meyitinin aşkarlanması faktı üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri də uğurla nəticələnmişdir. Araşdırmalar göstərmişdir ki, Cəlilabad rayon sakini Şirvan Mirzəyev təsadüfən tanış olduğu Famis İbrahimovla spirtli içki qəbul edərkən aralarında yaranmış mübahisə zəminində üzərində gəzdirdiyi cib bıçağı ilə sonuncunu xuliqanlıq niyyəti ilə öldürmüş, cinayətdə istifadə etdiyi bıçağı isə hadisə yerində olan su quyusuna atmışdır. Şirvan Mirzəyev istintaqa verdiyi ifadəsində törətdiyi əməli etiraf etmişdir.

Şirvan Mirzəyevin həyat tərzi, şəxsiyyəti və cəmiyyətdəki davranışı onun başqa cinayətlər törətməsinə də kifayət qədər şübhələr yaratdığından, prokurorluq və polis orqanlarının əlaqəli və peşəkarlıqla həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri ilə onun daha iki qəsdən adamöldürmə cinayəti törətməsi sübuta yetirilmişdir.

Müəyyən edilmişdir ki, Şirvan Mirzəyev 2007-ci ilin iyununda Qaradağ rayonunda yerləşən daş karxanalarının ərazisində Cəlilabad rayon sakini Xanoğlan Cəfərovu, 2008-ci ilin aprelində isə Füzuli sakini Oruc Nəcəfovu eyni üsulla qətlə yetirmişdir.

Cari il mayın 31-də Şəki şəhərindəki istifadəsiz qalmış 4 mərtəbəli binanın otaqlarından birində rayon sakini 14 yaşlı Sahib Lətifovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkarlanması faktı ilə əlaqədar başlanılmış cinayət işi üzrə aparılmış tədbirlər də müsbət nəticələnmişdir. Müəyyən edilmişdir ki, zərərçəkəni üstündə olan 30 manat pulu ələ keçirmək məqsədilə onunla bir məktəbdə oxuyan 16 yaşlı Natiq İbrahimov öldürmüşdür. Təkzibedilməz sübutlar qarşısında Natiq İbrahimov törətdiyi cinayəti etiraf etmişdir.

Daha bir qəsdən adamöldürmə faktı Sumqayıtda qeydə alınmışdır. 2010-cu il iyunun 10-da şəhərin 10-cu mikrorayonundakı 42 nömrəli yaşayış binasının mərtəbələrarası pilləkən meydançasında kişi meyitinə məxsus ayrı-ayrı hissələrin tapılması faktı üzrə aparılmış əl-barmaq izlərinin daktiloskopik eyniləşdirməsi onun əvvəllər məhkum olunmuş Əsgər Pirverdiyev olduğunu göstərmişdir.

Yüksək peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz və intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətmiş Lerik rayon sakini Südabə Kazımova saxlanılaraq istintaqa cəlb edilmişdir. Məlum olmuşdur ki, sonuncu qeyri-rəsmi yaşadığı Əsgər Pirverdiyevi 2010-cu il iyunun 11-də Saray qəsəbəsindəki evlərdən birində aralarında yaranmış münaqişə zəminində balta ilə boyun nahiyəsindən bir neçə zərbə vuraraq öldürmüş, sonra isə hissələrə bölüb şəhərin müxtəlif ərazilərinə atmışdır. Şübhəli şəxs qismində saxlanılmış Südabə Kazımova törətdiyi cinayəti tam etiraf etmişdir.

Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, asayişin, qanunçuluğun, insanların hüquq və azadlıqlarının qorunması sahəsində hüquq mühafizə orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsi istiqamətində tədbirlər davam etdirilir.