Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-07-03
Qəbələ rayonunda silahlı insident baş vermişdir

Bu gün saat 13-00 radələrində rayonun Tikanlı kənd sakini Yusifov Höküməli Atamalı oğlu qısqanclıq zəminində aralarında baş vermiş münaqişə zamanı qanunsuz saxladığı ov tüfəngi ilə dayısı Quliyev Mürsəl Mirzalı oğlu və sonuncunun oğlu Şahmuradı qəsdən öldürmək məqsədilə yaşadıqları evin həyətində atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdir. Höküməli Yusifov cinayət əməllərini davam etdirərək təxminən yarım saatdan sonra dayısının digər oğlu Nizamidən qisas almaq niyyətilə sonuncunun yaşadığı Tikanlı kəndinin Dəmirçi bağları adlanan ərazisinə gələrək həmin tüfənglə onun ürək nahiyəsinə atəş açmaqla qəsdən öldürmüşdür. Mürsəl və Şahmurad Quliyevlər ağır bədən xəsarətləri ilə Mərkəzi Rayon Xəstəxanasının müvafiq olaraq cərrahiyyə və renimasiya şöbələrinə yerləşdiriliblər.

Rayon prokurorluğunun və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yeri və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə video və foto çəkilişlər aparılmaqla baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüşdür.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 29,120.2.7-ci maddələri ilə cinayət işi başlanılmışdır.

İş üzrə müvafiq ekspertizalar təyin edilmiş, cinayəti törətmiş şəxs Höküməli Yusifovun tutulması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.