Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-07-08
Kütləvi informasiya vasitələrinin nəzərinə

Bəzi kütləvi informasiya vasitələrində Gəncə şəhər sakini İmaməddin İsgəndərovun qohumu Valeh Quliyev tərəfindən guya qətlə yetirilməsi və həmin faktla bağlı Gəncə şəhər prokurorluğunda cinayət işinin başlanması, həmçinin cinayəti törətməkdə təqsirli bilinən V.Quliyevin saxlanılması barədə həqiqətə uyğun olmayan informasiya verilmişdir.

Bununla əlaqədar bildiririk ki, iyunun təxminən 27-28-də saat 12-30 radələrində Gəncə şəhər sakini, 1964-cü il təvəllüdlü İsgəndərov İmaməddin Musa oğlu şəhərin Kəpəz rayonu ərazisində torpaq sahəsində işləyərkən qohumu, 1977-ci il təvəllüdlü Quliyev Valeh Elman oğlu ilə məişət zəminində aralarında baş vermiş mübahisə zamanı sonuncu tərəfindən onun sağ ayağına bellə xəsarət yetirilmişdir. İ.İsgəndərov bu barədə hüquq mühafizə orqanlarına müraciət etmədən 6-7 gün ev şəraitində müalicə olunduqdan sonra səhhətinin pisləşməsi ilə əlaqədar iyulun 6-da Gəncə şəhərində xəstəxanaya yerləşdirilmiş, lakin müvafiq tibbi yardım göstərilməsinə baxmayaraq o, növbəti gün xəstəxanada vəfat etmişdir. Bundan sonra İ.İsgəndərovun meyiti dəfn olunması üçün doğulduğu Goranboy rayonunun Hazırəhmədli kəndinə aparılmışdır.

İ.İsgəndərovun ölməsi ilə bağlı Goranboy rayon polis şöbəsindən daxil olmuş məlumat əsasında Goranboy rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən meyitə baxış keçirilmiş, məhkəmə-tibbi ekspertin iştirakı ilə meyitin daxili və xarici müayinələri aparılmışdır. İ.İsgəndərovun ölümünün səbəblərinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

Rayon prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.

Göstərilənlərlə əlaqədar Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrindən bir daha xahiş olunur ki, həqiqətə uyğun olmayan məlumatların yayılmaması məqsədilə həmin məlumatı dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü tabe rayon (şəhər) prokurorluqların KİV-lə əlaqələrə görə məsul olan əməkldaşları və ya Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirsinlər.