Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-07-12
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən Şəki şəhər Mədəniyyət və Turizm şöbəsinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanmışdır
Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən Şəki şəhər Mədəniyyət və Turizm şöbəsində dövlət büdcəsinin və yerli xərclərdən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyətinin audit yoxlaması nəticəsində şöbənin məsul vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verilməsi, rəsmi sənədlərə saxta məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi və sair ciddi nöqsan və çatışmazlıqlara yol verilməklə kassadan nağd pul vəsaitlərin əsassız olaraq silinməsi faktları aşkarlanmışdır.

Araşdırmalar zamanı həmçinin ödəniş cədvəllərində yekun məbləğin artırılması, əmək haqqı cədvəllərində işçilərə əsassız olaraq artıq hesablanmış vəsait hesabına yaranmış vəsaitin bir hissəsinin şöbənin işçilərinin, eləcə də kənar şəxslərin adlarına açılmış əmanət hesablarına, digər hissəsinin isə şöbənin strukturlarında işləməyən kənar şəxslərin və şöbənin müxtəlif strukturunda çalışan işçilərin adına saxta açılmış bankomat kartlarına ödənilməklə 1 milyon 394 min 75 manat məbləğində pul vəsaitinin hesabdan çıxarılması, müavinət alanların ödəniş cədvəllərində sayı artırılmaqla 80 min 661 manat vəsaitin əsassız olaraq kassadan silinməsi və xüsusi vəsait üzrə yığılan 7 min 103 manat məbləğində nağd pulun kassaya mədaxil olunmaması (ümumilikdə 1 milyon 481 min 840 manat) aşkar edilmişdir.

Bundan başqa, müxtəlif hüquqi və fıziki şəxslərdən büdcə vəsaiti hesabına alınması rəsmiləşdirilmiş inventar, avadanlıq və mal-material qiymətlilərinin mədaxil edilməməsi və həmin materialların faktiki varlığının müəyyən olunmaması səbəbindən 849 min 592 manat məbləğində çatışmazlıq, balansda olmayan nəqliyyat vasitələrinə, habelə şöbənin işçisi olmayan şəxslərin adına rəsmiləşdirilməklə 34 min 906 manat dəyərində yanacağın artıq silindiyi, elektrik enerjisi haqqının bir sıra mədəniyyət obyektləri üzrə sayğac göstəricilərinin çox göstərilməsi səbəbindən 54 min 228 manat artıq ödənildiyi və sair müəyyən olunmuşdur.

Göstərilənlərlə yanaşı, şöbə üzrə 2007-2009-cu illərdə müxtəlif müəssisələr tərəfindən yerinə yetirilməsi sənədləşdirilmiş 188 min 101 manat dəyərində cari və əsaslı təmir işlərindən 153 min 586 manat dəyərində təmir işlərinin sənədli və nəzarət-ölçü qaydasında auditi ilə icraçılar tərəfindən iş həcmlərinin 135 min 892 manat şişirdilməsi müəyyən edilmişdir.

Şəki şəhər Mədəniyyət və Turizm şöbəsinin vəzifəli şəxslərinin hərəkətlərində ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı və onlara etibar edilmiş külli miqdarda dövlət əmlakının mənimsəmə və israf etməklə talama cinayətlərinin əlamətləri olduğundan, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə ibtidai istintaq Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən davam etdirilir.