Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-07-15
Göyçay rayon sakini Nəriman Ağayevin ərizəsi üzrə araşdırmalar davam etdirilir

Göyçay rayon sakini N.Ağayevin qızının vəfat etməsi ilə əlaqədar rayon prokurorluğunda araşdırmanın obyektiv aparılmaması və prokurorluğun müstəntiqi Aftandil Babayevin ona qarşı qanunazidd hərəkətlərə yol verməsi barədə müraciətlərinə Baş Prokurorluqda baxılmışdır.

Müəyyən edilmişdir ki, Göyçay rayonunun Şahsoltanlı kənd sakini, 1993-cü il təvəllüdlü Ağayeva Zümrüd Nəriman qızının 20 noyabr 2009-cu il tarixdə yaşadığı evdə vəfat etməsi faktı ilə bağlı müstəntiq A.Babayev tərəfindən toplanmış material üzrə 8 dekabr 2009-cu il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.

Bundan başqa, mərhumun atası N.Ağayevin qızının meyitinin daxili müayinəsinin aparılmaması üçün müstəntiq A.Babayevin ondan pul tələb etməsi ilə əlaqədar müraciəti əsasında Baş Prokurorluqda xidməti yoxlama aparılmış və cinayət hadisəsi olmadığına görə toplanmış material üzrə 8 may 2010-cu il tarixdə cinayət işinin başlanması rədd edilmişdir.

Baş Prokurorluğun rəhbərliyinin göstərişinə müvafiq olaraq hər iki material öyrənilməklə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlar ləğv edilmiş və materialların araşdırılması Baş Prokurorluğun aidiyyəti idarələrinə tapşırılmışdır.

Aparılan araşdırmaların gedişatında Göyçay rayon məhkəməsinin qərarı əsasında 12 iyul 2010-cu il tarixdə Baş Prokurorluq və Göyçay rayon prokurorluğunun əməkdaşlarının, eləcə də Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin eksperti, mərhumun atası və digər şəxslərin iştirakı ilə Z.Ağayevanın meyiti dəfn olunduğu qəbirdən çıxarılmaqla baxış keçirilmiş və daxili müayinə aparılaraq ekspert tədqiqatı üçün zəruri nümunələr götürülmüşdür. Meyitə baxış zamanı iştirak edən şəxslərdən, o cümlədən N.Ağayevdən hər hansı bir şikayət və vəsatət daxil olmamışdır. Məhkəmə-tibbi ekspertizasının rəyi alındıqdan sonra qeyd edilən materiallar üzrə araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir