Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-07-15
Məhkumların vaxtından əvvəl cəzadan azad edilməsi ilə əlaqədar bəzi KİV-lərdə həqiqətə uyğun olmayan məlumatlar yayılmışdır

“Bizim Yol” qəzetinin 14 iyul 2010-cu il tarixli 123(1460) sayında “Məhbus vaxtından əvvəl necə azad oluna bilər?” başlıqlı məqalədə azadlıqdan məhrum edilmiş şəxslərin vaxtından əvvəl cəzadan azad edilmə məsələlərinə prokurorluq orqanlarının müdaxiləsi və bunun nəticəsində məhkumların vaxtından əvvəl cəzadan azad edilmə hüquqlarının pozulması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılmışdır.

Göstərilənlərlə əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76 və 77-ci maddələrində məhkum edilmiş şəxslərin təyin olunmuş cəzalarının qanunla müəyyən edilmiş hissəsini çəkdikdən sonra, onların cəzadan şərti olaraq vaxtından əvvəl azad edilə bilmələri və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması nəzərdə tutulmuşdur. Eyni zamanda, Cəzaların İcrası Məcəlləsinin 70-ci maddəsinə əsasən, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər.

Qüvvədə olan qanunvericiliyə görə, məhkum edilmiş şəxslərin cəzalarının yüngülləşdirilməsi və ya vaxtından əvvəl cəzadan azad edilməsi ilə əlaqədar məsələlərə məhkəmə hökmünün icrası qaydasında məhkəmələr tərəfindən baxılır.

Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 509, 513 və 514-cü maddələrində məhkum edilmiş şəxslərin təyin olunmuş cəzalarının qanunla müəyyən edilmiş hissəsini çəkdikdən sonra, onların özləri və ya cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən cəzanın yüngülləşdirilməsi və ya vaxtından əvvəl cəzadan azad edilməsi ilə əlaqədar cəza çəkildiyi yer üzrə birinci instansiya məhkəməsinə müraciət edə bilmələri nəzərdə tutulmuşdur.

Həmin Məcəllənin 520-ci maddəsinə əsasən qeyd olunan məsələlər üzrə məhkəmə baxışında məhkum və onun müdafiəçisi və ya qanuni nümayəndəsi, cəzaçəkmə müəssisəsinin nümayəndəsi və prokuror iştirak etmək hüququna malikdirlər.

Qanunun mənasına görə, prokuror bu işlər üzrə məhkəmə baxışında yalnız tərəf kimi iştirak etməklə, qanunun tələblərini rəhbər tutaraq, baxılan məsələyə dair məhkəməyə öz təklifini bildirir.

Eyni zamanda, həmin maddə ilə nəzərdə tutulmuşdur ki, cəzanın yüngülləşdirilməsi və ya vaxtından əvvəl cəzadan azad edilməsi ilə əlaqədar məhkəmə qərarlarından qanunla nəzərdə tutulmuş qaydada apellyasiya və ya kassasiya şikayəti, yaxud protesti verilə bilər.