Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-07-16
Paytaxtın Xəzər rayonunda ağır qətl hadisəsi törədilmişdir

20 iyun 2010-cu il tarixdə saat 24.00 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs, yəni 1957-ci il təvəllüdlü Məmmədov Valet Məmməd oğlu qeyri-qəsmi ər-arvad kimi yaşadığı Əliyeva Lalə Qiyas qızı ilə birlikdə yaşadıqları Xəzər rayonu, Albalılıq bağlar massivi, Namazov küçəsi 2, 1566 saylı bağ evində şəxsiyyəti hələlik istintaqa məlum olmayan Səbinə adlı şəxslə qısqanclıq zəminində aralarında baş vermiş mübahisə zamanı qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə məqsədi ilə L.Əliyeva özündə olmuş lezviya ilə Səbinənin boğaz nahiyəsini kəsmiş, V.Məmmədov isə bıçaqla sonuncuya bir neçə zərbə endirərək qəsdən öldürmüş, sonra meyiti həmin evin içərisində çala qazaraq basdırmışlar. İyulun 16-da Xəzər rayon Polis İdarəsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yeri və meyitə fotoşəkillər çəkilməklə baxış keçirilmiş, meyitin xarici müayinəsi aparılmış, hadisə yerindən cinayətin aləti olan bıçaq maddi sübut kimi götürülmüşdür.

Faktla bağlı V.Məmmədov və L.Əliyeva barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə cinayət işi başlanmış, iş üzrə məhkəmə-tibbi ekspertizaları təyin olunmuşdur. Rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən A.Məmmədov və L.Əliyeva saxlanılmış və onlar dindirilərkən törətdikləri cinayət əməlini tam etiraf etmişlər.

Hazırda iş üzrə istintaq Xəzər rayon prokurorluğunda davam etdirilir.