Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-07-23
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun kollegiya iclası keçirilmişdir


Respublika Hərbi Prokurorluğunun idarə və şöbələrində və ərazi hərbi prokurorluqlarında 2010-cu ilin birinci yarımilində Azərbaycan Respublikasının Hərbi Prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilmişdir.


Azərbaycan Respublikasının baş prokrorunun muavini, Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenatı Xanlar Vəliyevin rəhbərliyi ilə Respublika Hərbi Prokrorluğunun idarə və şöbə rəislərinin, habelə tabe ərazi hərbi prokrorluqları əməkdaşlarının iştirakı ilə keçirilmiş müşavirələrdə 2010-cu ilin ötən dövrü ərzində qanunçuluğun daha da mökəmləndirilməsi, dövlət maraqlarının, insan hüquq və azadlıqlarının müdafiəsi, cinayətkarlığa qarşı mübarizə işinin real vəziyyəti, mövcud nöqsanlar və çatışmazlıqların yaranma səbəbləri hərtərəfli təhlil edilmişdir. ”Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə, ilk növbədə, istintaq, təhqiqat, dövlət ittihamının müdafiəsi və vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması, tabe struktur qurumların fəaliyyəti üzərində Respublika Hərbi Prokurorluğunun nəzarətinin daha da gücləndirilməsi, Hərbi Prokurorluq orqanlarında xidməti, icra və hərbi intizamının daha da möhkəmləndirilməsi üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.

Ərazi hərbi prokurorluqlarında keçirilən müşavirələrdə, ilk növbədə, ümummilli liderimiz Heydər Əliyevin strateji inkişaf konsepsiyasının reallaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü və uğurlu tədbirlər nəticəsində 2010-cu ilin ötən dövründə müstəqil inkişafının yeni yüksəliş mərhələsini yaşayan Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafı daha da sürətləndirən, sivil və hüquqi dövlətimizin qüdrətini daha da artıran, xalqımızın həyat səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldən uğurlu nəticələr əldə edildiyi diqqətə çatdırılmışdır.

Kollegiyada ərazi hərbi prokurorluqlarında keçirilən müşavirələrin nəticələri, eləcə də 2010-cu ilin birinci yarımilində Respublika Hərbi Prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlər hərtərəfli müzakirə olunmuşdur. İclasda işin keyfiyyətinə, səmərəliliyinə mənfi təsir göstərən problemlərin aradan qaldırılması üçün həlli vacib məsələlərin tənzimlənməsi istiqamətində qarşıda duran konkret vəzifələr müəyyənləşdirilmiş, Respublika Hərbi Prokurorluğunun əlaqədar struktur qurumlarına göstərişlər verilmişdir.

Hərbi prokuror Xanlar Vəliyev qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2010-ci ildə də dövlət müstəqilliyimiz daha da möhkəmləndirilmiş, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi daha da inkişaf etdirilmiş, ölkənin inkişaf dinamikasında ciddi keyfiyyət dəyişiklikləri baş vermişdir. Bu dövr ərzində respublikamızın beynəlxalq aləmə inteqrasiya prosesi daha da sürətlənmiş, sosial-iqtisadi inkişaf sahəsində nailiyyətlər qazanılmış, Azərbaycanın ədliyyə, məhkəmə və pro¬kurorluq sisteminin inkişafı, müasirləşdirilməsi, qanunun aliliyinin, insan hüquqlarının etibarlı təminatına xid¬mət edən mütərəqqi islahatlar aparılmışdır. Azərbaycan qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm tədbirlər görülmüşdür.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın müstəsna əhəmiyyətini vurğulayan hərbi prokuror Xanlar Vəliyev qeyd etmişdir ki, Dövlət Proqramının yerinə yetirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının baş prokuroru, birinci dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralovun rəhbərliyi ilə nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində mühüm işlər görülmüşdür. Dövlət Proqramına uyğun olaraq, Azərbaycan Respublikası hərbi prokurorluq orqanlarının strukturunun təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Respublika Hərbi Prokurorluğunda kadrlar şöbəsi, Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin tərkibində xüsusi istintaq və maddi-texniki təminat şöbələri yaradılmış, ölkə Prezidentinin müvafiq Sərəncamı ilə Zaqatala Hərbi Prokurorluğu yaradılmış, Qazax Hərbi Prokurorluğunun yeni inzibati binası istifadəyə verilmişdir. Bu istiqamətdə görülən işlər sırasında prokurorluq əməkdaşlarının və onların ailə üzvlərinin sosial müdafiəsinin, pensiya təminatının daha da gücləndirilməsini, onlara dövlət qayğısının artırılmasını təmin edən “Prokurorluq haqqında“, ”Prokurorluq orqanlarında qulluq keçmə haqqında” və ”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr haqqında qanunları qeyd etmək olar.

2010-cu ilin ən mühüm hadisələrindən biri də Azərbaycan Respublikasının Hərbi doktrinasının qəbul edilməsidir. Silahlı Qüvvələrin əsas vəzifələrini, hərbi quruculuğun istiqamət və perspektivlərini müəyyənləşdirən Hərbi doktrinanın qəbul edilməsi ölkədə aparılan ordu quruculuğu işinə əsaslı hüquqi təkan verəcəkdir.

Hərbi prokuror bildirmişdir ki, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordunun maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsi, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmış, ordunun döyüş qabiliyyəti xeyli yüksəlmiş, şəxsi heyətin nizam-intizamı güclənmiş, nöqsanların aradan qaldırılması istiqamətində mühüm irəliləyişlərə nail olunmuşdur.

Cari ilin 6 ayında hərbi prokurorluq orqanları Silahlı Qüvvələrdə hərbi nizamnamələrin tələblərinə əməl edilməsi, hərbi qulluqçuların hüquqlarının müdafiəsi, hərbi qurumlarda qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində fəaliyyətini daha da artırmışlar. Ordu quruculuğu sahəsində bir çox cinayət hadisələrinin üstü açılaraq təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunmuş, digər təsirli tədbirlər görülmüşdür.

Hərbi prokuror qeyd etmişdir ki, əvvəlki hesabat dövrü ilə müqayisədə 2010-cu ilin birinci yarımilində qeydə alınmış hərbi xidmət əleyhinə olan cinayətlər, o cümlədən tabelik qaydaları əleyhinə olan, hərbi xidmətdən yayınma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərketmə, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma, hakimiyyətdən sui-istifadə etmə və s. kimi cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalmışdır. Hərbi hissəni və ya xidmət yerini müharibə vaxtı və ya döyüş şəraitində özbaşına tərketmə faktları, ümumiyyətlə, qeydə alınmamışdır. Qeydə alınmış cinayətlərin 99,2 faizi, o cümlədən bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunmuşdur.

Cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla qarşılıqlı sağlam və işgüzar əlaqələrinin, habelə birgə tədbirlərin çox böyük əhəmiyyəti olmuşdur.

Bununla yanaşı, qeyri-hərbi cinayətlərin sayının artması müşahidə olunduğundan, bu növ cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə səmərəli qabaqlayıcı tədbirlərin görülməsi zərurəti xüsusi vurğulanmışdır.

Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə şəxsiyyət əleyhinə cinayətlərin qarşısının alınması üçün Respublika Hərbi Prokurorluğunun kollegiyalarında silahlı birləş¬mələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə həmin növ cinayətlər məhkəmə və istintaq təcrübəsi ümu¬miləşdirilməklə müzakirə edilmişdir. Həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zə¬ru¬ri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyanın qərarlarına əsasən silahlı bir¬ləşmələrin komandirlərinə təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilmişdir. Silahlı Qüv¬və¬lərdə törədilən cinayətlərin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi və digər qurumlarla birlikdə tədbirlər planları ha¬zırlanaraq təsdiq edilmiş və icrası təmin olunmuşdur. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

«Korrupsiyaya qarşı mübarizə haqqında» Qanundan və dövlətimizin başçısı İlham Əliyevin «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın təsdiq edilməsi barədə» 2007-ci il 28 iyul tarixli Sərəncamından irəli gələn tələblərin həyata keçirilməsi ilə əlaqədar hərbi prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiya cinayətlərinə qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirmişdir. Bu da əvvəlki illərə nisbətən cinayətkarlıqla mübarizə sahəsində daha səmərəli nəticələrin əldə edilməsinə, Silahlı Qüvvələrin qüdrətini zəiflədə biləcək cinayətlərin, o cümlədən mənimsəmə, israfçılıq, rüşvətxorluq, vəzifədən sui-istifadə etmə və digər cinayətlərin vaxtında aşkar olunmasına, cinayət törətmiş şəxslərin layiqli cəzaya məhkum edilməsinə şərait yaratmışdır.

Hərbi prokurorluq orqanları cinayətlər nəticəsində vurulmuş maddi ziyanın 51 faizini istintaq zamanı ödənməsini təmin etmişlər.

Azərbaycan Prezidentinin «Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında» 2009-cu il 22 iyun tarixli Fərmanında korrupsiyaya qarşı mübarizə sahəsində prokurorluğun üzərinə çox böyük məsuliyyət qoyulduğunu qeyd edən ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirmişdir ki, mənimsəmə və israfetmə yolu ilə talama cinayətlərinin aşkarlanması sahəsində struktur qurumlar tərəfindən bir sıra işlər görülsə də, bu sahədə tədbirlər davam etdirilməlidir.

2010-cu ilin birinci yarımilində ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi sahəsində müəyyən müsbət işlər görülmüş, hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu cinayət işlərinin istintaqı tamamlanmış, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, qüvvədə olan cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilmişdir.

Hesabat dövründə Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ağır və xüsusilə ağır, mürəkkəb və aktual xarakterli cinayət işlərinin istintaqı tamamlanaraq, baxılması üçün məhkəməyə göndərilmişdir.

Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına dair 86 yoxlama keçirilmiş, nəticədə 1090 qanun pozuntusu aşkar edilmiş, qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 94 təqdimat göndərilmiş, 51 nəfərə xəbərdarlıq edilmiş, 37 cinayət işi başlanmış, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 70 yazılı göstəriş verilmişdir. Hesabat dövründə dövlət ittihamının müdafiəsi üzrə şöbənin fəaliyyəti səmərəli olmuşdur. Şöbə tərəfindən birinci instansiya məhkəmələrinin hökm və qərarlarından verilmiş 21 apelyasiya protestinin 79 faizi təmin olunmuşdur.

Cinayətkarlığın profilaktikası üçün məhkəmə qərar və hökmlərinin rolunun artırılması, məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə hesabat dövründə 130 məhkəmə prosesinin səyyar qaydada keçirilməsi təmin edilmişdir. Görülmüş müsbət işlərlə yanaşı, kollegiyada «Prokurorluq haqqında» qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunmuşdur. İbtidai istintaq, təhqiqat üzərində prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi, dövlət ittihamının müdafiəsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi tənqid olunmuş və onların aradan qaldırılması üçün konkret göstərişlər verilmişdir.

2010-cu ilin birinci yarımilində Azərbaycan Respublikasının hərbi prokurorluq orqanlarında vətəndaşların 806 müraciəti müsbət həllini tapmış, 2396 vətəndaş müxtəlif məsələlərlə bağlı Hərbi Prokurorluq əməkdaşları tərəfindən qəbul edilmişdir.

Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri Azərbaycan Respublikası CM-in soyqırıma görə məsuliyyəti nəzərdə tutan 103-cü və digər maddələrinə tövsif edilmiş, iş üzrə 286 təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Hərbi qulluqçuların hüquqi maarifləndirilməsi sahəsində də müəyyən işlər görülmüşdür. Hesabat dövründə qanunvericiliyin öyrənilməsi ilə əlaqədar «Hərbi prokurorluq orqanları ilə Silahlı Qüvvələrdə hüquq qaydalarının, hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin xəbərdarlıq edilməsi və aradan qaldırılması sahəsində» Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğunun birgə tədbirlər planına əsasən hərbi prokurorluğun əməkdaşları müntəzəm olaraq hərbi hissələrdə olmuş, hərbi qulluqçular qarşısında müxtəlif mövzularda hüquqi maarifləndirmə işləri aparmışlar.

Hərbi Prokuror diqqətə çatdırmışdır ki, bu ilin altı ayında Azərbaycan Respublikası baş prokurorunun və respublika hərbi prokurorunun müvafiq əmrləri ilə 28 işçi vəzifədə irəli çəkilmiş, xidməti fəaliyyətlərində fərqlənmiş 79 əməkdaş həvəsləndirilmiş, 6 işçiyə xüsusi rütbə, 35 əməkdaşa isə hərbi rütbələr verilmişdir. Respublika hərbi prokurorunun müvafiq əmrləri ilə 8 işçi intizam məsuluyyətinə cəlb edilmişdir.

Hərbi prokurorluğun maddi-texniki vasitələrlə, xidməti bina, nəqliyyat və rabitə vasitələri, habelə başqa növ təminatlarla təchiz edilməsi üçün müvafiq işlər görülmüşdür.

Sonra məruzə ətrafında çıxışlar olmuşdur. Kollegiyada çıxış edən respublika hərbi prokurorunun müavinləri Rasim Kazımov, Şəfahət İmranov, Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Cəfər Cəfərov, dövlət ittihamının müdafiəsi üzrə şöbənin rəisi Aydın Ələsgərov hesabat dövründə görülmüş işlərdən danışmış, nöqsanların aradan qaldırılması, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığa qarşı səmərəli mübarizənin təmin olunması ilə əlaqədar hərbi prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün görüləcək tədbirlər barədə ətraflı məlumat vermişlər.

Respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev kollegiyaya yekun vuraraq demişdir ki, Hərbi Prokurorluq orqanları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi yüksək qayğı və etimadı layiqincə doğrultmaq, qanunun aliliyini, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsini, cinayətkarlığa qarşı mübarizəni təmin etmək üçün bütün zəruri tədbirləri bundan sonra da dönmədən həyata keçirəcəklər.