Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-07-28
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov Mətbuat Şurasının sədri Əflatun Amaşovu qəbul etmişdir

İyulun 28-də Baş prokuror Zakir Qaralov Mətbuat Şurasının sədri Əflatun Amaşovu qəbul etmişdir. Baş prokuror Zakir Qaralov ilk növbədə Azərbaycan milli mətbuatının 135-ci ildönümü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış sərəncamlarla Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə mətbuat işçilərinin böyük bir qrupunun ali dövlət mükafatları ilə təltif olunmalarını, bir sıra kütləvi informasiya vasitələrinə maddi yardım ayrılmasını müstəqil mətbuatın, fikir və söz azadlığının inkişafına dövlət səviyyəsində göstərilən gündəlik diqqət və qayğının təzahürü kimi qiymətləndirməklə yanaşı, Mətbuat Şurasının yeni inzibati binasının açılışı və Şuranın idarə heyətinin üzvlərinə fəxri adların verilməsi münasibətilə qonaqları bir daha səmimi-qəlbdən təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar dilədi.

Son illər söz və məlumat azadlığını məhdudlaşdıran maneələrin aradan qaldırılması, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının daha da təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində ölkədə uğurla davam etdirilən tədbirlər barədə geniş məlumat verən Baş prokuror, prokurorluq orqanlarında həyata keçirilən islahatların tərkib hissəsi kimi prokurorluğun kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əlaqələrinin genişləndirilməsi, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi və müasir informasiya texnologiyalarının geniş tətbiqi üçün məqsədyönlü işlər görüldüyünü, eyni zamanda prokurorluq orqanları ilə Mətbuat Şurası arasında qarşılıqlı faydalı əməkdaşlığın dinamik inkişaf etdiyini xüsusi qeyd etdi.

Mətbuat Şurasının sədri Əflatun Amaşov təmsil etdiyi təşkilatın prokurorluq orqanları ilə əlaqələrin inkişafına böyük önəm verdiyini, bu cür görüşlərin qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından faydalı olduğunu, həmçinin ikitərəfli qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin zəruriliyini vurğulamışdır. Mətbuat Şurasının başlıca fəaliyyət istiqamətlərindən biri kimi “reket jurnalistika” ilə mübarizə sahəsində Şuranın yarandığı ötən 7 il müddətində ümumilikdə 103 qəzet və jurnalın adının peşə prinsiplərinə etinasız yanaşan kütləvi informasiya vasitələri üçün müəyyənləşdirilmiş “qara siyahı”ya daxil edilməsi barədə məlumat verən qurumun rəhbəri İdarə Heyətinin 6 iyul 2010-cu il tarixli iclasının qərarı ilə onlardan 26-nın adının həmin siyahıdan çıxarıldığını bildirdi.

Qəbulda reket jurnalistikası ilə bağlı Mətbuat Şurasının yeni binasının açılışı mərasimindəki çıxışında cənab İlham Əliyevin söylədiyi “Reket jurnalistikasına qarşı biz hamımız birgə fəaliyyət göstərməliyik, mübarizə aparmalıyıq. Ancaq bütün bu işlər qanun çərçivəsində olmalıdır. Mən ümid edirəm ki, yaxın zamanlarda bizim adət-ənənələrimizə zidd olan bu nöqsanlar aradan qaldırılacaqdır” fikirləri bu sahədə yol verilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə birgə tədbirlərin həyata keçirilməsinin vacibliyi xüsusi vurğulandı. Jurnalist peşəsinin adına xələl gətirməklə jurnalist adından sui-istifadə edən reket qəzetlər tərəfindən yol verilmiş nöqsan və qanun pozuntuları ilə əlaqədar Mətbuat Şurasına edilən müraciətlər üzrə müvafiq araşdırma aparıldıqdan sonra toplanmış materialların tədbir görülməsi üçün Baş Prokurorluğa göndərilməsi barədə razılıq əldə olundu.

Bundan başqa, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunların, normativ-hüquqi aktların toplu şəklində dərc edilməsi, eyni zamanda “Jurnalistlər üçün hüquqi terminlər lüğəti”nin yeni nəşrinin Mətbuat Şurası ilə birgə hazırlanması, həmçinin cinayətkarlığa qarşı mübarizə sahəsində prokurorluq orqanları tərəfindən həyata keçirilən tədbirlərin obyektiv və çevik işıqlandırılması və qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədi ilə ölkənin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzində treninqlərin təşkil olunması barədə qərar qəbul edildi.

Görüşdə səmərəli fikir mübadiləsi aparıldı və maraq doğuran suallar ətraflı cavablandırıldı.

Qəbulda Mətbuat Şurası sədrinin müavini Umud Mirzəyev və digər rəsmi şəxslər iştirak edirdilər.