Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-07-29
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov hüquq müdafiəçiləri ilə görüşmüşdür

İyulun 29-da Baş prokuror Zakir Qaralov Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvləri Çingiz Qənizadə, Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlını qəbul etmişdir.

Baş prokuror ilk növbədə prokurorluq orqanları ilə hüquq müdafiəçiləri arasında mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd etməklə bu əlaqələrin yalnız insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına xidmət etdiyini xüsusi vurğulamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə uğurla həyata keçirilən hüquqi islahatların tərkib hissəsi kimi prokurorluq orqanlarının cinayətkarlıqla mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması istiqamətindəki fəaliyyəti barədə ətraflı məlumat verən Baş prokuror ötən illər ərzində qanunazidd əməllərə qarşı təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini, vətəndaşların ərizə və şikayətlərinə baxılması işinin Baş Prokurorluğun rəhbərliyinin daim diqqət mərkəzində saxlanıldığını bildirmişdir.

Hüquq müdafiəçiləri qarşılıqlı səmərəli əməkdaşlığa görə minnətdarlıqlarını ifadə edərək prokurorluq orqanlarında həyata keçirilən islahatlar və görülən işləri təqdirəlayiq hesab etməklə, təmsil etdikləri qurumun insan haqlarının müdafiəsi sahəsində əməkdaşlığının daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamışlar. Hüquq müdafiəçiləri onları maraqlandıran bir sıra məsələlər, o cümlədən Monitorinq Qrupuna daxil olmuş müraciətləri Baş prokurorun nəzərinə çatdırmışlar.

Baş prokuror öz növbəsində həmin məsələlərin nəzarətə götürülməklə qısa müddət ərzində araşdırılacağını və qanunamüvafiq tədbirlər görüləcəyini bildirmişdir.

Qəbulda vətəndaşların hüquqlarının qorunması sahəsində əməkdaşlığa dair təkliflər irəli sürülmüş, maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır