Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-07-29
Azərbaycan antikorrupsiya islahatları sahəsində irəliləyişə nail olmuşdur
İyulun 28-də Baş Prokurorluğun Elmi-Tədris Mərkəzində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İstanbul Fəaliyyət Planının Azərbaycan üzrə dəyərləndirmə hesabatı dinlənilmişdir.

Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları və QHT təmsilçiləri iştirak etmişlər.

Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bildirmişdir ki, Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə artıq 2003-cü ildən əməkdaşlığa başlamışdır. Bu müddət ərzində Azərbaycan hökumətinə çox dəyərli tövsiyələr verilmişdir. OECD və Avropa Şurasının Korrupsiyaya Qarşı Dövlətlər Qrupunun tövsiyələri Prezident İlham Əliyev tərəfindən imzalanmış müvafiq sərəncam və fərmanlarda öz əksini tapmış, bu sahədə ardıcıl işlər həyata keçirilmişdir.

OECD Katibliyinin antikorrupsiya məsələləri üzrə baş müşaviri Olqa Savran və təşkilatın eksperti Daniel Telesklaf çıxışlarında Azərbaycanda korrupsiyaya qarşı mübarizədə müsbət nəticələr əldə edildiyini vurğulamışlar. Eyni zamanda, korrupsiya faktlarının araşdırılması və cinayət təqibi sahəsində səylərin gücləndirilməsi, mənafelərin toqquşduğu məsələlərin tənzimlənməsi tövsiyə olunmuşdur.

Bütün bunlar İstanbul Fəaliyyət Planı çərçivəsində bu il martın 31-də qəbul edilmiş yeni hesabata daxil edilmişdir.

Antikorrupsiya tədbirlərinin daha səmərəli icra olunması məqsədi ilə İstanbul Fəaliyyət Planı Azərbaycana bir sıra tədbirlər, o cümlədən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin imkanlarının gücləndirilməsi, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin milli antikorrupsiya səylərində daha yaxından iştirakın təmin edilməsi, şirkətlərin korrupsiya cinayətlərinə görə məsuliyyətə cəlb olunmasına dair qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərin həyata keçirilməsini tövsiyə etmişdir.

Hesabatda ölkəmizin korrupsiya ilə mübarizə sahəsində nail olduğu irəliləyişlər də öz əksini tapmışdır.

Milli Məclisin deputatı, Azərbaycan Respublikası Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü Bəxtiyar Əliyev tədbirin çox böyük önəm daşıdığını, dəyərli təkliflər verildiyini söyləmişdir. B.Əliyev diqqətə çatdırmışdır ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində Dövlət Proqramı həyata keçirilmiş, mütərəqqi qanunvericilik bazası yaradılmış, beynəlxalq təşkilatlar və KİV-lərlə geniş əməkdaşlıq münasibətləri qurulmuşdur.

Məruzələr dinlənildikdən sonra mövzu ilə bağlı fikir mübadiləsi aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.