Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-08-02
Yasamal rayonunda qonşusunu öldürməyə cəhd edən silahlı şəxs tutulmuşdur

Avqustun 1-də saat 09:30 radələrində Bakı şəhəri, Yasamal rayon sakini, əvvəllər məhkum olunmuş, 1957-ci il təvəllüdlü Səlimov Hacıqulu Hacıağa oğlu yaşadığı evin həyətində qonşusu, əvvəllər məhkum olunmuş, 1948-ci il təvəllüdlü Mustafayev Eyyub Ağa oğlu ilə şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı istintaqa məlum olmayan mənbədən əldə etdiyi “Makarov” tipli tapançadan sonuncuya 3-4 atəş açmış və güllələrdən biri E.Mustafayevin arvadı Mustafayeva Xalidə İbrahim qızının qoluna dəymişdir. H.Səlimov cinayət əməlini törətdikdən sonra hadisə yerindən qaçmış, X.Mustafayeva isə aldığı güllə yarası ilə xəstəxanaya yerləşdirilmişdir.

Yasamal rayon Polis İdarəsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə video və foto çəkilişlər aparılmaqla baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2, 29, 120.2.4 və 228.1-ci maddələri ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin olunmuşdur.

Rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən H.Səlimov həmin gün saat 18:30 radələrində tutulmuş və onun üstündən cinayətin törədilməsində istifadə etdiyi tapança və bir ədəd patron aşkar edilərək götürülmüşdür. H.Səlimov şübhəli şəxs qismində dindirilərkən törətdiyi cinayət əməlini etiraf etmişdir. Hazırda iş üzrə istintaq rayon prokurorluğunda davam etdirilir.