Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-08-03
İsmayıllı rayonunda həmkəndlisini qətlə yetirən şəxs tutulmuşdur

Avqustun 2-də saat 14:30 radələrində rayonun Sumağallı və Qalacıq kəndlərini birləşdirən yolun kənarında üzərində zorakılıq əlamətləri olan kişi meyitinin aşkar edilməsi ilə əlaqədar rayon Polis Şöbəsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə foto çəkilişlər aparılmaqla baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir. İlkin araşdırmalarla meyitin Sumağallı kənd sakini, 1959-cu il təvəllüdlü Qaytaqov Eldar Məcid oğluna məxsus olması müəyyənləşdirilmişdir.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmış və iş üzrə müvafiq ekspertizalar təyin olunmuşdur.

Rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən 1972-ci ildə Sumağallı kəndində anadan olmuş, Rusiya Federasiyası vətəndaşı Mirzəyev Hikmət Saday oğlu həmin gün saat 21:00 radələrində Sumağallı kəndi ərazisində tutulmuşdur. H.Mirzəyev şübhəli şəxs qismində dindirilərkən törətdiyi cinayət əməlini etiraf etməklə hadisəni şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı törətdiyini bildirmişdir. O, ifadəsində avqustun 1-də saat 18:30 radələrində həmkəndliləri və E.Qaytaqovla birlikdə Sumağallı kəndi yaxınlığında Göyçay çayının sahilində meşəlik ərazidə yeyib-içərkən sonuncu ilə aralarında mübahisə baş verdiyini və həmin ərazidən çıxaraq yaşadıqları kəndə tərəf gedən yolun kənarında E.Qaytaqovla rastlaşan zaman çay daşı ilə onun baş nahiyyəsindən bir neçə zərbə vurmaqla öldürdüyünü və hadisə yerindən qaçdığını göstərmişdir.

Hazırda iş üzrə istintaq rayon prokurorluğunda davam etdirilir.