Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-08-09
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov Niderland Krallığının ədliyyə naziri Ernst Hirş Ballini qəbul etmişdir

 Baş prokuror Zakir Qaralov ölkəmizdə səfərdə olan Niderland Krallığının ədliyyə naziri Ernst Hirş Ballinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Baş prokuror ölkəmizin ümumavropa inteqrasiya proseslərinə fəal qoşulmaqla Niderland Krallığı ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın dinamik inkişaf etdiyini, iki ölkə ədliyyə nazirlikləri arasında 2002-ci ildə imzalanmış Memorandumun qarşılıqlı münasibətlərin yeni müstəviyə qalxmasına xidmət göstərdiyini qeyd etməklə, son illər Respublikamızda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında köklü islahatların aparılması, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində digər hüquq mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, eyni zamanda Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin fəaliyyəti və prokurorluq orqanlarının qarşısında duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat vermişdir.

Respublikamızda aparılan məhkəmə-hüquq islahatları barədə məlumatlı olduğunu bildirən Ernst Hirş Ballin bu sahədə görülən işləri maraqla izlədiyini xüsusi vurğulamış, eyni zamanda prokurorluq və ədliyyə sistemində aparılan islahatları insan hüquqlarının etibarlı təmin olunması baxımından təqdir etmişdir.

Görüşdə həmçinin insan haqlarının qorunması, qanunvericiliyin təkmilləşdirilməsi və digər maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılmışdır.