Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-08-12
Yasamal rayonunda qətl hadisəsi törətmiş şəxs tutulmuşdur

Avqustun 10-da saat 22:00 radələrində Yasamal rayonu, Zərdabi küçəsi 89 saylı evin qarşısında 30-35 yaşlarında naməlum kişinin kəsici-deşici alətlə yetirilməyə xarakterik olan çoxsaylı xəsarətlər alaraq Respublika Kliniki Xəstəxanasına çatdırıması və aldığı xəsarətlərdən orada ölməsi faktı ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmışdır.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində meyitin 20 sentyabr 1980-ci il tarixdə anadan olmuş, Bakı şəhəri, G.Əsədov küçəsi 5 saylı ünvanda pasport qeydiyyatında olmaqla, Bakı şəhəri, M.Cəlal küçəsi, 56 saylı evin 49-cu mənzilində kirayənişin yaşamış Quliyev İlham Məmmədağa oğlu olması müəyyənləşdirilmişdir.

İlkin istintaqla həmçinin müəyyən edilmişdir ki, 21 may 1991-ci il tarixdə anadan olmuş, Bakı şəhəri, M.Cəlal küçəsi, 56 saylı evin 18-ci mənzilində yaşayan İsgəndərov İmaməli Əli oğlu ona olan borcunu qaytarmadığına və ünvanına nəlayiq ifadələr işlətdiyinə görə tanışı İlham Quliyevi öldürmək məqsədi ilə avqustun 10-da saat 20:00 radələrində idarə etdiyi “VAZ-2107” markalı avtomaşınla əvvəlcədən təyin etdikləri Bakı şəhəri, Zərdabi küçəsi, 89 saylı evin qarşısına gəlmişdir. İ.İsgəndərov maşından düşərək İ.Quliyevlə görüşmüş və aralarında yaranmış mübahisə zamanı üstündə olan bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyyələrinə, o cümlədən döş qəfəsinin sol və sağ nahiyyələrinə çoxsaylı zərbələr endirmişdir.

Rayon prokurorluğu və Polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən İ.İsgəndərov tutularaq istintaqa təqdim edilmiş və o, dindirilərkən törətdiyi cinayət əməlini tam etiraf etmişdir. Cinayətin aləti olan bıçaq maddi sübut kimi götürülərək cinayət işinə əlavə edilmiş və iş üzrə müvafiq ekspertizalar təyin edilmişdir.

Hazırda rayon prokurorluğunda iş üzrə istintaq davam etdirilir.