Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-08-13
Həmkəndlisini qətlə yetirən şəxs Qazax şəhərində tutulmuşdur

Avqustun 13-də saat 00:35 radələrində Ağstafa rayonunun Zəlimxan kənd sakini, 1984-cü il təvəllüdlü Həsənov Kamil Rəfail oğlunun üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarəti olan meyiti təcili tibbi yardım avtomaşını ilə Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdir.

Rayon Polis Şöbəsindən daxil olmuş həmin məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yeri və meyitə foto çəkilişlər aparılmaqla baxış keçirilmiş, meyitin xarici müayinəsi aparılmış, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan mətbəx bıçağı götürülmüş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.
İlkin araşdırmalarla müəyyən edilmişdir ki, Zəlimxan kənd sakini, 1989-cu il təvəllüdlü Hüseynov Mühüt Sahib oğlu  həmin gün saat 00:10 radələrində yaşadığı evin qarşısında həmkəndlisi Kamil Həsənovla şəxsi münasibətlər zəminində mübahisə edib dalaşarkən sonuncunun sol qoltuqaltı nahiyəsindən mətbəx bıçağı ilə bir zərbə vuraraq onu qəsdən öldürmüş və hadisə yerindən qaçıb gizlənmişdir.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin olunmuşdur.
Rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən M.Hüseynov həmin gün saat 03:00 radələrində Qazax şəhərində tutularaq istintaqa cəlb edilmişdir.
M.Hüseynov şübhəli şəxs qismində dindirilərkən törətdiyi cinayət əməlini etiraf etmişdir.
Hazırda iş üzrə istintaq rayon prokurorluğunda davam etdirilir.