Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-08-14
Azərbaycan Respublikasında “qara transplantasiya” mövcud deyil

Son günlər ölkəmizin və xarici dövlətlərin bəzi kütləvi informasiya vasitələrində Azərbaycanda insan orqanlarının “qara transplantasiya”sını həyata keçirən tibb müəssisələri, həmin bizneslə məşğul olan mütəşəkkil cinayətkar qruplaşmaya Ukrayna və İsrail vətəndaşları da daxil olmaqla uzun müddət ərzində Belarus, Moldova, Rusiya, Özbəkistan və Ukrayna vətəndaşlarının pulla ələ alınaraq Azərbaycan və Ekvadora aparılmaqla transplantasiya etmək üçün onların daxili orqanlarının çıxarılması ilə bağlı cərrahiyyə əməliyyatı keçirilməsi barədə həqiqətə uyğun olmayan informasiyalar dərc olunmuşdur.

Göstərilənlərlə əlaqədar bildiririk ki, ölkə ərazisində fəaliyyət göstərən tibbi klinikalarda  insan orqanlarının qanunsuz transplantasiyası (köçürülməsi), həmçinin əməliyyatlar zamanı insanlar arasında ölüm hallarının qeydə alınması barədə yayılan informasiyalara aydınlıq gətirilməsi və bu barədə qarşı tərəfin mövqeyini əks etdirən rəsmi məlumatın verilməsi məqsədi ilə Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsi tərəfindən Ukrayna Baş Prokurorluğunun müvafiq idarəsi ilə əlaqə saxlanılmış, eyni zamanda Daxili İşlər Nazirliyi tərəfindən əlaqədar tabe qurumlara müvafiq əməliyyat tapşırıqları verilmişdir.

Aparılmış ilkin araşdırmalarla respublika ərazisində, o cümlədən Bakı şəhərində insan orqan və ya toxumalarının qanunsuz transplantasiyası halları aşkar edilməmişdir. Lakin bu kimi halların aşkar edilməsi istiqamətində Daxili İşlər Nazirliyi ilə qarşılıqlı əlaqəli şəkildə intensiv əməliyyat tədbirləri davam etdirilir və belə hallar aşkarlanarsa qanuna müvafiq tədbirlərin görülməsi təmin olunmaqla bu baradə ictimaiyyətə məlumat veriləcəkdir.