Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-08-21
Özünü müxtəlif dövri mətbu nəşrlərin əməkdaşı kimi təqdim edərək şantaj yolu ilə pul tələb edən jurnalist həbs edilmişdir

Azərbaycan Mətbuat Şurasından Bakı şəhəri, 1 saylı Dəri-Zöhrəvi dispanserinin baş həkimi Rəşad İsmayılovun “Azad Azərbaycan” qəzetinin şöbə müdiri Paşayev Vasif Bayram oğlu tərəfindən şantaja və təzyiqlərə məruz qalması barəqə Baş Prokurorluğa daxil olmuş məlumat araşdırılmışdır. Müəyyən edilmişdir ki, Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Paşayev Vasif Bayram oğlu 19 iyul 2010-cu il tarixdə Bakı şəhəri, 1 saylı Dəri-Zöhrəvi dispanserinin baş həkimi Rəşad İsmayılovun iş otağına daxil olaraq üzərində “Azərbaycan qəzeti” yazılmış vəsiqəni göstərməklə özünü “Azərbaycan” qəzetinin şöbə müdiri kimi təqdim etmiş və dispanserdə guya yol verilmiş qanun pozuntuları ilə əlaqədar işlədiyi qəzetdə ifşaedici məqalə dərc etdirəcəyi və bunun da nəticəsi olaraq baş həkim kimi tutduğu vəzifədən azad olunacağı barədə şantaj edərək ondan 1.200 manat məbləğində pul tələb etmişdir. Baş həkim R.İsmayılov üstündə həmin məbləğdə pul olmadığı üçün həmin şəxsdən növbəti gün dispanserə gəlməsini xahiş etmişdir. V.Paşayev dispanseri tərk etdikdən sonra R.İsmayılov “Azərbaycan” qəzetinin redaksiyası ilə əlaqə saxlamış və redaksiyadan Vasif Paşayev adlı şəxsin həmin qəzetdə işləmədiyini bildirmişlər. Növbəti gün V.Paşayev dispanserdə olarkən baş həkim Rəşad İsmayılovun xahişi ilə dispanserə dəvət olunmuş “Azərbaycan” qəzetinin şöbə müdirləri İxtiyar Hüseynli və Bəxtiyar Əzizli həmin “jurnalistin” “Azərbaycan” qəzetində işləmədiklərini bildirdikdə V.Paşayev “Azərbaycan” deyil “Azad Azərbaycan” qəzetində işlədiyini deməklə onlara müvafiq vəsiqə təqdim etmişdir. “Azərbaycan” qəzetinin əməkdaşları həmin şəxsə jurnalist peşəsinin adına xələl gətirməklə jurnalist adından sui-istifadə etdiyinə görə iradlarını bildirdikdə V.Paşayev hədə-qorxu gələrək onları da təhqir etməklə dispanseri tərk etmişdir.

Bundan başqa, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 9 saylı ixtisaslaşdırılmış ruhi-əsəb, əlil və qocalar evinin direktoru Əliyeva Ədilə Muradəli qızının, özünü “Vedi inform” qəzetinin redaktoru kimi təqdim edən Vasif Paşayev tərəfindən hədə-qorxu gəlməklə hüquqlarının pozulmasına dair Xəzər rayon Polis İdarəsinə daxil olmuş şikayət ərizəsi araşdırılaraq müəyyən edilmişdir ki, Vasif Paşayev 19 avqust 2010-cu il tarixdə 9 saylı ixtisaslaşdırılmış ruhi-əsəb, əlil və qocalar evinə gələrək, özünü həmin müəssisənin direktoru Ədilə Əliyevaya “Vedi inform” qəzetinin redaktoru kimi təqdim etməklə bəzi qəzetlərdə, o cümlədən işlədiyi qəzetdə barəsində rüsvayedici məqalələrin çap edilməməsi üçün hədə-qorxu gəlməklə 500 manat məbləğində pulunu almışdır. Faktla bağlı Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Vasif Paşayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və dindirilərkən törətdiyi əməlləri etiraf etməklə yanaşı, istintaqa guya “Vedi inform” qəzetində redaktor, “Media press” qəzetində şöbə müdiri və “Demokratik islahatlar və ictimaiyyətlə əlaqələr” monitorinq qrupunun direktoru vəzifələrində işləməsi barədə üç ədəd vəsiqə təqdim etmişdir.

Hazırda iş üzrə istintaq Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsində davam etdirilir.