Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-08-25
Paytaxtda tamah məqsədilə törədilmiş qətlin üstü açılmışdır
22 avqust 2010-cu il tarixdə saat 01:20 radələrində Bakı şəhər sakini Allahverdiyev İsmayıl Nuruş oğlunun, yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsi, ev 2, mənzil 10-da qəsdən öldürülməsi barədə Yasamal rayon Polis İdarəsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yeri və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan bıçaq götürülmüşdür.

İlkin araşdırmalarla müəyyən edilmişdir ki, avqustun 22-də saat 00:40 radələrində 1974-cü il təvəllüdlü, Bakı şəhər sakini, işləməyən Yəhyayev Faiq Əliağa oğlu, 1975-ci il təvəllüdlü, Bakı şəhər sakini, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşı Bayramov Habil Fətəli oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun qohumu, 1952-ci il təvəllüdlü, Biləcəri Enerji Təchizatı və Enerji Satışı sahəsinin rəisi Allahverdiyev İsmayıl Nuruş oğlunu tamah məqsədilə qəsdən öldürmək niyyətilə onun yaşadığı mənzilə gələrək özlərində olan bıçaqla bədəninin müxtəlif nahiyyələrinə, o cümlədən 25-i döş boşluğuna və 1-i qarın boşluğuna olmaqla, cəmi 71 zərbə vurmaqla xüsusi amansızlıqla qəsdən öldürmüşlər. İsmayıl Allahverdiyevin səsinə həmin binada yaşayan qohumları gəlib mənzildə kənar şəxslərin olduğunu başa düşərək onlardan mənzilin giriş qapısını açmağı tələb etməklə bu barədə dərhal polisə məlumat vermişlər. Bu zaman Habil Bayramov ifşa olunacağından ehtiyatlanaraq məsuliyyətdən yaxa qurtarmaq üçün özünü 5-ci mərtəbədə yerləşən həmin mənzilin pəncərəsindən yerə atmış, lakin ağır dərəcəli bədən xəsarətləri aldığından düşdüyü yerdən qalxıb qaça bilməmişdir. Polis əməkdaşları qapını sındıraraq mənzilə daxil olduqdan sonra İsmayıl Allahverdiyevin meyitini aşkar etmiş, Faiq Yəhyayev isə mənzildə cinayət başında yaxalanmışdır.

Habil Bayramov dərhal təcili tibbi yardım xidməti tərəfindən xəstəxanaya çatdırılmışdır. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü maddələri ilə sinayət işi başlanmış və iş üzrə müvafiq ekspertizalar təyin edilmişdir.

F.Yəhyayev şübhəli şəxs qismində dindirilərkən hadisəni tamah məqsədilə törətdiyini etiraf etmişdir.

Hazırda iş üzrə istintaq Yasamal rayon prokurorluğunda davam etdirilir.