Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-09-27
Baş Prokurorluğun Elm-Tədris Mərkəzində elmi-praktiki konfrans keçirilmişdir

Sentyabrın 27-də Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin aktual problemləri” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

Konfransı giriş sözü ilə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubov açaraq ölkədə narkomanlığın ümumi vəziyyəti, profilaktikası və onunla mübarizə sahəsində görülmüş tədbirlərə toxunmuş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyi üçün zəruri şəraitin yaradıldığını, xüsusən tibb, təhsil, idman sahələrində görülən işlərin müalicə və reabilitasiya tədbirləri üçün əlverişli zəmin olduğunu, prokurorluğun və hüquq mühafizə orqanlarının bu istiqamətdə fəaliyyətinin son illərdə xeyli gücləndiyini vurğulamışdır.

Tədbir iştirakçıları narkomanlığın profilaktikası, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin aşkarlanması, qeydiyyatı, müalicəsi, onların fizioloji və psixoloji asılılıqdan azad edilməsi, reabilitasiyası, gənclər arasında narkomaniyanın profilaktikasının xüsusiyyətləri, təhsil müəssisələrində narkomaniyaya qarşı görülən işlər, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsinə qarşı mübarizə strategiyaları, dünya təcrübəsinin effektiv metodlarının ölkə təcrübəsində tətbiqi imkanları və sair mövzularda fikir mübadiləsi aparmış, problemlərin həlli və işin səmərəsinin artırılması üzrə təkliflərlə çıxış etmişlər.

Konfransda Azərbaycan Respublikası Ali Məhkəməsinin, Baş Prokurorluğun, Daxili İşlər, Milli Təhlükəsizlik, Gənclər və İdman, Təhsil nazirliklərinin, Səhiyyə Nazirliyi və nazirliyin Narkoloji Mərkəzinin, Narkotiklərə və Cinayətkarlığa qarşı Milli Təbliğat ofisinin nümayəndələri iştirak etmişlər.