Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-09-28
Azərbaycan Respublikası Baş Prokurorluğunun veb-saytının yeni versiyasının təqdimat mərasimi keçirilmişdir

28 sentyabr 2010-cu il tarixdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Qeyri-Hökumət Təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə Azərbaycan Prokurorluğunun veb-saytının yeni versiyasının təqdimatına həsr olunmuş mərasim keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Baş prokurorun müavini Namiq Əsgərov Prokurorluq orqanlarının həyatında mühüm əhəmiyyət kəsb edən bu əlamətdar hadisə münasibətilə mərasim iştirakçılarını təbrik etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Prokurorluğunun tarixində hərtərəfli müasirləşdirmə və inkişaf dövrünün əsasını qoyan prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Prokurorluğunda həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində prokurorluğun fəaliyyətində aşkarlığın təmin olunması, həyata keçirilən tədbirlərin obyektiv işıqlandırılması, ictimaiyyət, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əlaqələrin genişləndirilməsi sahəsində xeyli işlər görülmüş, Baş Prokurorluğun strukturunda dəyişikliklər aparılmaqla tərkibində informasiya texnologiyalarının tətbiqi xidməti olmaqla tam yeni məzmunda Hüquqi təminat və informasiya idarəsinin yaradılması təmin edilmişdir.

Baş prokurorun müavini xüsusi vurğulamışdır ki, prokurorluq orqanlarında  informasiya kommunikasiya  texnologiyalarının yaradılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər daha intensiv şəkildə davam etdirilmiş, kompüter texnikasının imkanlarından istifadə edilməklə, prokurorluğun fəaliyyətində aşkarlığın və internet vasitəsi ilə informasiya mübadiləsinin təmin olunması məqsədilə məlumatları özündə cəmləşdirən xüsusi bölmələr və bloklardan ibarət Azərbaycan Prokurorluğunun veb-saytının yeni versiyasının yaradılması təmin edilmişdir.

Azərbaycan Prokurorluğunun veb-saytının yeni versiyasının hazırlanması ilə əlaqədar görülmüş təşkilati və digər tədbirlər barədə mərasim iştirakçılarına ətraflı məlumat verən Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin rəis müavini, Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Azərbaycan Respublikası Prokurorluğununwww.genprosecutor.gov.az və www.prokurorluq.gov.az ünvanlarında yerləşən veb-saytının prokurorluğun strukturunda və fəaliyyət istiqamətlərində baş verən dəyişikliklərin mütəmadi izlənilməsi, prokurorluğun tarixi, strukturu və digər məsələlər barədə məlumatların, fəaliyyət istiqamətləri üzrə görülən işlərin, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin, konkret məsələlər üzrə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatlarının, prokurorluğun işini tənzimləyən qanunvericilik aktları və Baş Prokurorluq üzrə normativ sənədlərin geniş ictimaiyyətə çatdırılmasına imkan verəcəyini diqqətə çatdırmışdır.

Daha sonra veb-saytın müasir məzmunda yeniləşmiş struktur quruluşu, prokurorluğun tarixini, strukturunu, fəaliyyət istiqamətlərini, qanunvericilik bazası və beynəlxalq münasibətlərini, ictimaiyyət, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əlaqələrini, keçirilmiş Kollegiya iclasları və əməliyyat müşavirələri barədə məlumatları özündə əks etdirən konkret bölmə və bloklar barədə mərasim iştirakçıları əyani şəkildə məlumatlandırılmışdır. Xüsusi olaraq diqqətə çatdırılmışdır ki, veb-saytın "Vətəndaşların qəbulu" bölməsində prokurorluq orqanlarında vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması məsələlərini tənzimləyən bütün təsisatların əks olunması ilə yanaşı, hər bir internet istifadəçisinə Baş prokurora, onun müavinlərinə, həmçinin istənilən vəzifəli şəxsə birbaşa müraciət etməsi üçün imkanlar yaradılmışdır.

Bundan başqa, Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətini özündə əks etdirən informasiya xarakterli və müasir dizayna malik məlumat diski hazırlanmışdır. Həmin diskdə eyni zamanda Azərbaycan Respublikası haqqında, onun tarixi, ərazisi, əhalisi,  dövlət rəmzləri, eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi  haqqında məlumatları özündə əks etdirən informasilar yerləşdirilmişdir.

 

Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev, Milli QHT Forumunun sədri Rauf Zeyni və Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov çıxışlarında Azərbaycan Respublikası Prokurorluğu orqanlarında 2000-ci ildən başlayaraq həyata keçirilən islahatların uğurla nəticələnməsi və bu istiqamətdə tədbirlərin daha intensiv davam etdirilməsi, qurumda şəffaf və obyektiv meyarlar əsasında kadr potensialının formalaşdırılması, Baş Prokurorluğun müasir məzmunda yeniləşmiş veb-saytının ictimaiyyətin maarifləndirilməsi istiqamətində fəaliyyətini yüksək qiymətləndirərək, veb-saytın təqdim olunan yeni versiyasını təqdirəlayiq addım kimi dəyərləndirmişlər.