Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2010-09-28
Azərbaycan ilə Rusiya Federasiyası arasında hüquqi əməkdaşlıq genişlənir

Azərbaycan Respublikasının Baş Prokurorluğu Rusiya Federasiyası Prokurorluğu yanında İstintaq Komitəsi ilə hüquqi əməkdaşlığın və işgüzar əlaqələrin daha da genişləndirilməsinə xüsusi önəm verir. Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun dəvəti ilə İstintaq Komitəsinin sədr müavini Yelena Leonenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər etmişdir. 
Sentyabrın 28-də qonaqlar xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişlər. 
Səfər çərçivəsində Baş prokurorun birinci müavini Rüstəm Usubov Yelena Leonenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 
Görüşdə Baş prokurorun birinci müavini respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında köklü islahatların aparılması, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində digər hüquq mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması barədə qonaqlara ətraflı məlumat vermişdir. 
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafını xüsusi qeyd edən R.Usubov iki ölkənin istintaq orqanları arasında hüquqi sahədə əlaqələrin inkişafına təkan verildiyini vurğulamış, qarşılıqlı münasibətlərin dərinləşdirilməsi üçün böyük perspektivlərin olduğunu bildirmişdir. 
Rusiya Federasiyasının Azərbaycanla hərtərəfli əməkdaşlığa böyük önəm verdiyini bildirən qonaq ölkəmizin məhkəmə sistemində, o cümlədən prokurorluq orqanlarında aparılan islahatları və əldə olunmuş nailiyyətləri təqdir etmişdir. O, respublikamıza səfərinin hüquqi sahədə əlaqələrin inkişafına töhfə olacağını vurğulayaraq, əməkdaşlığın daha da genişləndirilməsi üçün hərtərəfli dəstək verməyə hazır olduğunu söyləmişdir. 
Səfər çərçivəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Rusiya Federasiyası Prokurorluğu yanında İstintaq Komitəsi arasında əməkdaşlıq Proqramı imzalanmışdır. 
Proqram tərəflərin funksiyaları, strukturu və fəaliyyətinin əsas istiqamətləri ilə tanışlıq, şəxsiyyət əleyhinə, o cümlədən xüsusilə ağır cinayətlərin istintaqı ilə bağlı ikitərəfli əməkdaşlıq perspektivlərinin müzakirəsini, iş təcrübəsi və məlumat mübadiləsinin, həmçinin istintaq işinin səmərəliliyinin artırılması məqsədilə qarşılıqlı səfərlərin həyata keçirilməsini nəzərdə tutur. 
Nümayəndə heyətinin üzvləri Baş Prokurorluğun Tarix muzeyi, Elm-Tədris Mərkəzi ilə tanış olmuşlar, onlara Azərbaycan Prokurorluğunun fəaliyyətini özündə geniş əks etdirən xüsusi kitab təqdim edilmişdir.