Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2011-01-05
Prokurorluğa işə qəbulla əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu müsabiqə elan edir

  Azərbaycan Respublikasının Baş Prokurorluğu Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında» Əsasnaməyə uyğun olaraq prokurorluq orqanlarına qəbul olunmaq arzusunda olan şəxslər üçün100 ştat vahidi üzrə müsabiqə elan edir.

          Prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər aşağıda qeyd edilən sənədləri təqdim etməklə Baş Prokurorluğa müraciət edə bilərlər:

1.  Baş Prokurorluq tərəfindən müəyyən olunmuş formada ərizə.

2.   şəxsiyyət vəsiqəsinin əsli və notarial qaydada təsdiq edilmiş surəti.

3.   tərcümeyi-hal və kadrlar uçotuna dair anket (blanklar prokurorluqdan verilir).

4.   3x4 və 5x6 sm ölçülərdə, hər birindən 4 ədəd ağ fonda rəngli fotoşəkil.

5.   ali təhsil haqqında diplomun, diploma əlavə olunan qiymət cədvəlinin əsilləri və notarial qaydada təsdiq edilmiş surətləri.

6.   əmək kitabçasının notarial qaydada və yaxud iş yeri üzrə təsdiq edilmiş surəti.

7.   yaşadığı ünvan üzrə poliklinikadan (forma â„– 086) və ruhi-əsəb dispanserindən sağlamlıq barədə, narkoloji dispanserdən qeydiyyatda olub-olmadığı barədə arayışlar. 

8.   yaşadığı ünvan və ailə tərkibi haqqında arayış.

9.   yaşadığı ünvan üzrə rayon (şəhər) hərbi komissarlığında qeydiyyatda olması və həqiqi hərbi xidmət keçməsi barədə arayış, hərbi biletin əsli və notarial qaydada təsdiq edilmiş surəti.

Sənədlər Baş Prokurorluğun inzibati binasının Qəbul otağında (Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi, 7) 29 aprel 2011-cil tarixə qədər hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan saat 17.30-dək qəbul olunacaqdır.

 

Prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlığı və layiqliyinin müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində, şəffaf üsullarla, beynəlxalq tələblərə uyğun keçirilən ixtisas imtahanları (test və yazılı imtahanlar) və müsahibədən ibarət müsabiqə təşkil ediləcəkdir. Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri mükəmməl bilənlərə üstünlük veriləcəkdir.

Prokurorluğa işə qəbul olunmaq üçün sənədlərini təqdim etmək istəyənlərin nəzərinə çatdırılır ki, onların ali hüquq təhsili Azərbaycan Respublikası ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməli, seçkilərdə iştirak etmək hüququ olmalıdır.

Prokurorluğa işə 30 yaşınadək olan Azərbaycan Respublikası vətəndaşları qəbul olunurlar.

«Prokurorluq haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən Prokurorluğa işə qəbul edilmirlər:

- ikili vətəndaşlığı olan şəxslər;

- digər dövlətlər qarşısında öhdəlikləri olanlar;

- din xadimləri;

- fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edilmiş tibbi rəyə əsasən fiziki və ya əqli qüsurlarına görə prokuror və ya prokurorluğun müstəntiqi vəzifələrini yerinə yetirməyə qadir olmayan şəxslər;

- alkoqolizm, narkomaniya, toksikomaniya və digər ağır xəstəliklərə tutulmuş şəxslər (bu barədə həkim rəyi olduqda);

- əvvəllər məhkum olunmuş, habelə bəraətverici əsaslar olmadan barəsində cinayət işinin icraatına xitam verilmiş şəxslər;

- əvvəllər yol verdiyi kobud nöqsanlara və ya prokuror və müstəntiq adı ilə bir araya sığmayan hərəkətlərə görə vəzifədən azad edilmiş şəxslər;

- qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmət keçməmiş çağırış yaşlı vətəndaşlar.

Müsabiqənin test imtahanının tarixi, imtahan sualları, onların hazırlanmasında istifadə edilmiş qanunların siyahısı və digər məlumatlar barədə mətbuatda, Baş Prokurorluğun internet saytında (www.genprosecutor.gov.az) və Qəbul otağında yerləşdirilmiş lövhədə əlavə elan veriləcəkdir.

Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-62-23, 492-63-62 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.