Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2011-01-19
Bakı şəhər prokurorluğu orqanları ötən ilin yekunlarını və qarşıda duran vəzifələri müzakirə etmişlər

   Yanvarın 18-də Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2010-cu ildə qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilmişdir. 
Hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru Əziz Seyidov dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən dövlətçilik siyasətinin ictimai-siyasi sabitliyin dayanıqlı olmasında, kriminogen durumun sabitləşməsində rolunu diqqətə çatdırmışdır. O qeyd etmişdir ki, hesabat dövrü ərzində Bakı şəhər prokurorluq orqanları tərəfindən cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində şəhərin digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə bir sıra səmərəli tədbirlər həyata keçirməklə müəyyən nəticələr əldə edilmişdir. 
     Bildirilmişdir ki, hesabat dövründə 10 min 612 cinayət hadisəsi qeydə alınmış, onların 79 faizinin üstü açılmışdır. Uzun müddət bağlı qalan 5 qəsdən adamöldürmə, çoxsaylı quldurluq hadisələri törətmiş şəxslərin ifşa edilməsi, xeyli miqdarda qanunsuz narkotik vasitənin və psixotrop maddələrin dövriyyədən çıxarılması hüquq mühafizə orqanlarının əlaqəli birgə fəaliyyətinin nəticəsi kimi qiymətləndirilmişdir. 
Şəhərin prokurorluq orqanları tərəfindən ibtidai araşdırmaya tələbkar prosessual rəhbərlik bu sahədə qanunvericiliyə ciddi əməl olunması, istintaq və təhqiqatın tam, hərtərəfli və obyektiv aparılmasına nəzarətin gücləndirilməsi sayəsində il ərzində prokurorluqda 523, daxili işlər orqanlarında isə 4099 cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün məhkəməyə göndərilmişdir. 
     Hesabat dövründə bir sıra ağır və xüsusilə ağır cinayət işləri araşdırılmış, həmin cinayətləri törətmiş şəxslər ifşa edilərək cinayət məsuliyyətinə cəlb olunmuşlar. Belə ki, hesabat ilində 2007-ci ildən bağlı qalmış Xanoğlan Cəfərovun, 2008-ci ildən bağlı qalmış Oruc Nəcəfovun, 2009-cu ildən bağlı qalmış Yaşar Alışanovun, Rauf Həsənovun qətlə yetirmələri faktlarına görə cinayət işləri başlanılmışdır. Aparılmış məqsədyönlü istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətlərin açılması təmin edilmiş, təkzibedilməz sübutlarla təqsirkar şəxslər ifşa olunaraq məhkəmə məsuliyyətinə cəlb olunmuşlar. 
     Müşavirədə qeyd edilmişdir ki, hesabat dövründə əldə olunmuş müsbət nəticələrlə yanaşı nöqsanlar da mövcuddur. 2010-cu ildə baş vermiş bir qəsdən adamöldurmə, 34 quldurluq cinayətlərinin və 11 ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılmaması bu sahədə daha intensiv və məqsədyönlü istintaq, əməliyyat-axtarış tədbirlərinin aparılmasını tələb edir. 
    Ə.Seyidov qəsdən adamöldürmə və digər ağır cinayət işlərindən danışarkən onların açılması, sübutların aşkar edilərək götürülməsi, təxirəsalınmaz istintaq hərəkətlərinin, eləcə də istintaqın tam, hərtərəfli və obyektiv aparılması üçün istintaq taktikasının və metodikasının, istintaq fərziyyələrinin düzgün qurulması, kriminalistikanın müasir texniki üsul və vasitələrindən səmərəli istifadə olunması baxımından Baş Prokurorluq tərəfindən verilmiş "Azərbaycan Respublikası Prokurorluğu orqanlarında kriminalistika xidmətinin daha da təkmilləşdirilməsi və bu sahədə bəzi struktur dəyişiklikləri aparılması haqqında" 2010-cu il 18 noyabr tarixli əmrin əhəmiyyətini xüsusi vurğulamışdır. 
    Əməliyyat müşavirəsində istintaq və təhqiqat orqanlarının fəaliyyətində aşkar edilmiş nöqsanlar və qanun pozuntuları konkret misallarla təhlil edilərək onların aradan qaldırılması tələb edilmişdir. 
    Ötən il vətəndaşların qəbuluna, onların müraciətlərinə baxılmasına xüsusi diqqət yetirilmiş və bu sahədə işin daha da səmərəli təşkil edilməsi prokurorluq orqanları əməkdaşlarından tələb olunmuşdur. 
   Yekunda Ə.Seyidov Bakı şəhər prokurorluğu orqanlarının prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən böyük etimadı doğruldacağına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsini, cinayətkarlığa qarşı mübarizəni təmin etməklə öz qulluq və vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə əminliyini ifadə etmişdir.