Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2011-01-24
Korrupsiyaya qarşı beynəlxalq mübarizə gücləndirilir

Korrupsiyaya qarşı mübarizənin qlobal səviyyədə təşviqi məqsədilə Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası yaradılaraq artıq beşinci ildir ki, uğurlu fəaliyyət göstərir. Azərbaycan Respublikası bu sosial bəla ilə mübarizəyə mühüm əhəmiyyət verərək, Assosiasiyanın təşkilatçılarından biri kimi çıxış etmiş, ölkəmizin ədliyyə naziri qurumun vitse-prezidenti seçilmişdir.

 

Ötən müddət ərzində 100-dən çox dövlətin iştirak etdiyi təşkilatın 4-cü Konfransı çərçivəsində korrupsiyaya qarşı mübarizədə səmərəli qabaqlayıcı tədbirlər, onun istintaqı və təqibi beynəlxalq əməkdaşlıq kimi aktual məsələlər geniş müzakirə olunmuşdur.

 

Sonuncu Konfransda təşkilatın səmərəliliyinin artırılması, əhatə dairəsinin genişləndirilməsi üçün gələcək fəaliyyətinə dair strateji proqramın hazırlanması barədə qərar qəbul edilmişdir. Həmin sənədin işlənilməsi üçün Assosiasiya tərəfindən ötən həftə korrupsiya ilə mübarizə sahəsində dünyada 3-cü yer tutan Sinqapurda xüsusi yığıncaq təşkil edilmişdir.

 

Bu mühüm tədbirə Assosiasiyanın işində yüksək fəallıq və təşəbbüskarlıq göstərən, habelə korrupsiyaya qarşı qlobal mübarizəyə səmərəli töhfələr verən 15 dövlətin, o cümlədən Azərbaycanın nümayəndə heyəti dəvət olunmuşdur.

 

Yığıncaqda ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev və ədliyyə nazirinin köməkçisi Adil Əbilov təmsil etmişlər. Tədbirdə Azərbaycan Respublikasının nümayəndəsi Strategiya layihəsi üzrə məruzəçi təyin olunmuşdur.

 

Hərtərəfli və müfəssəl müzakirələr şəraitində keçən yığıncaqda fəal iştirak edən ölkəmizin nümayəndə heyəti BMT-nin müvafiq Konvensiyasının tələbləri, mübarizənin müasir tendensiyaları, korrupsiya formalarının mürəkkəbliyi nəzərə alınmaqla layihənin təkmilləşdirilməsinə dair əhəmiyyətli təkliflər irəli sürmüş və onlar tam bəyənilmişdir.

 

Maarifləndirmə və tədris tədbirlərinin gücləndirilməsi, yaxşı praktikaların təşviqi, beynəlxalq əməkdaşlığın səmərəliliyinin artırılmasını əhatə edən Strategiya layihəsi İcraiyyə Komitəsinin növbəti iclasında baxılması üçün razılaşdırılmışdır.

 

Səfər zamanı, həmçinin iştirakçılar tərəfindən Sinqapurun dünyada səmərəli antikorrupsiya fəaliyyəti ilə fərqlənən Korrupsiya hallarının istintaqı Bürosunun fəaliyyəti ilə tanış olunmuş, korrupsiya ilə mübarizənin müasir üsulları barədə faydalı fikir mübadiləsi aparılmış, habelə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunaraq dünyada böyük maraq doğuran Sinqapur təcrübəsini öyrənmək üçün azərbaycanlı həmkarların tədris səfəri ilə bağlı razılıq əldə edilmişdir.