Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2011-01-26
Xəyalə Əsgərovanın qəsdən öldürülməsi faktı üzrə başlanmış cinayət işinin istintaqı tam, hərtərəfli və obyektiv aparılmışdır

"Olaylar" qəzetinin 25 yanvar 2011-ci il tarixli nömrəsində dərc olunmuş "Biləsuvarda qətlə yetirilən Xəyalə Əsgərovanın qanı batırılıb?" sərlövhəli məqalədə Biləsuvar rayonunun Əliabad kənd sakini Əsgərova Xəyalə Şücaət qızının qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işinin istintaqının rayon prokurorluğunda qeyri-obyektiv aparılması barədə həqiqətə uyğun olmayan və real faktlara söykənməyən informasiyalar verilmişdir.

 

Bununla əlaqədar bildiririk ki, 15 dekabr 2009-cu il tarixdə Xəyalə Əsgərovanın qəsdən öldürülməsi faktı üzrə həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. İstintaqla müəyyən edilmişdir ki, Coşqun Quliyev arvadı Xəyaləni qısqanclıq zəminində aralarında baş vermiş mübahisə zamanı  balta ilə yaşadığı evin həyətində baş nahiyyəsinə çoxsaylı zərbələr vurmaqla qəsdən öldürmüşdür.     

 

          Aparılmış istintaqla cinayətin məhz Coşqun Quliyev tərəfindən digər şəxslərin iştirakı olmadan törədilməsi təkzibedilməz dəlillərlə tam sübuta yetirilmiş və o, dekabrın 17-də Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

 

Keçirilmiş məhkəmə-daktiloskopik ekspertizası ilə cinayətin aləti hesab edilən balta üzərində şəxsiyyətin müəyyən edilməsi üçün yararlı əl-barmaq izləri müəyyən edilməsə də, Coşqun Quliyevin törətmiş olduğu cinayət əməli iş üzrə toplanmış sübutlarla - özünün etirafedici ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sənədlərlə təsdiq olunmuşdur.

 

          Müəyyən edilmişdir ki, baş vermiş hadisədən əvvəlki illərdə psixoloji durumu ilə əlaqədar özünə xəsarət yetirməsi ilə bağlı Coşqun Quliyevin barəsində rayon prokurorluğunda müvafiq araşdırmalar aparılmışdır. 

 

          İş üzrə keçirilən ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı Coşqun Quliyevin psixoloji durumu ilə bağlı əvvəllər Maştağa qəsəbəsində  yerləşən 1 saylı psixiatrik xəstəxanada "Şizofreniya paranoid forması" diaqnozu ilə müalicə alması müəyyən edilmişdir. Ambulator ekspertizası ilə Coşqun Quliyevin psixi vəziyyətinin dəqiqləşdirilməsi məqsədi ilə onun stasionar məhkəmə-psixiatrik ekspertizasına yerləşdirilməsi zəruri hesab edilmişdir.

 

Stasionar məhkəmə-psixiatrik ekspertizasının 05 aprel 2010-cu il tarixli rəyi ilə Coşqun Quliyev cinayət əməlini törədərkən keçirdiyi xroniki psixi xəstəlik nəticəsində anlaqsız hesab edilmişdir.

 

Cinayət işi üzrə istintaqın obyektivliyini, əldə edilmiş sübutları, o cümlədən ekspert rəylərinin mötəbərliyini təmin etmək məqsədi ilə, komisyon psixiatrik ekspertizası təyin edilmiş və 10 may 2010-cu il tarixdə alınmış rəylə Coşqun Quliyevin cinayəti törədərkən anlaqslz olması bir daha təsdiq olmuşdur.

 

25 may 2010-cu il tarixdə  Coşqun Quliyev barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə işin başlanması haqqında qərar çıxarılmışdır.

 

11 iyun 2010-cu il tarixdə anlaqsız vəziyyətdə cinayət törətmiş Coşqun Quliyev barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün cinayət işi Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə göndərilmişdir.

 

Məhkəmənin 02 sentyabr 2010-cu il tarixli qərarı ilə cinayəti anlaqsız vəziyyətdə törətdiyindən Coşqun Quliyevin  barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növlü tibbi xarakterli  tədbir tətbiq edilmişdir.

 

Həmin qərardan zərəçəkmiş şəxsin hüquqi varisi Şücayət Əsgərovun verdiyi apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsi tərəfindən baxılaraq, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

 

Göründüyü kimi, peşə etikasına riayət edilmədən və real faktlara  söykənmədən sensasiya xatirinə yazılmış həmin məlumat, Baş Prokurorluğun mətbuat xidməti ilə dəqiqləşdirmə aparıldıqdan sonra dərc edilməli olduğu halda, qeyri-rəsmi mənbələrə istinad edilərək yayılmaqla cəmiyyətdə çaşqınlıq yaranmasına və prokurorluq orqanlarının cinayətkarlığa qarşı mübarizə sahəsindəki fəaliyyətinə kölgə salmağa xidmət edir.