Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2011-02-08
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov Macarıstan Respublikasının Hərbi prokuroru Arpad Kovaçı qəbul etmişdir

    Fevralın 8-də Baş prokuror Zakir Qaralov ölkəmizdə səfərdə olan Macarıstan Respublikasının Hərbi prokuroru Arpad Kovaçın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
    Azərbaycan və Macarıstan respublikaları arasında siyasi, iqtisadi, enerji təhlükəsizliyi və digər sahələrdə əməkdaşlığın daha da dərinləşməsi və inkişaf etdirilməsində ölkələrimizin maraqlı olmaları və tədricən yeni əməkdaşlıq mərhələsinə qədəm qoymaqla strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən söhbət açan Baş prokuror, qonaqlara ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində Möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktlarının, prokurorluğun, o cümlədən hərbi prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında müasirləşmə prosesinin həyata keşirilməsi və köklü islahatların aparılması, eyni zamanda kadr siyasətində ciddi dönüşün yaradılması və şəffaflığın təmin edilməsi, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyəti, həmçinin respublika Hərbi Prokurorluğu orqanlarının strukturu, fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişdir.
    Respublikamızda aparılan məhkəmə-hüquq islahatları barədə məlumatlı olduğunu bildirən Arpad Kovaç hər iki ölkənin Hərbi prokurorluqları arasında əməkdaşlığın perspektivlərinin müzakirəsi, iş təcrübəsi və məlumat mübadiləsinin, həmçinin istintaq işinin effektivliliyinin artırılması məqsədilə qarşılıqlı səfərlərin həyata keçirilməsinin zəruriliyini  vurğulamış, eyni zamanda təmsil etdiyi təşkilatın Azərbaycanla əlaqələrin inkişafına  böyük önəm verdiyini xüsusi qeyd etmişdir.
    Görüşdə Hərbi prokurorluq orqanları arasında ikitərəfli qarşılıqlı əlaqələrin genişləndirilməsinin və daha da inkişaf etdirilməsinin zəruriliyi qeyd edilməklə yanaşı, tərəfləri maraqlandıran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparıldı.
    Qəbulda Baş prokurorun müavini - Respublika Hərbi prokuroru Xanlar Vəliyev və digər rəsmi şəxslər iştirak edirdilər.