Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2011-02-21
"Yeni Müsavat" qəzeti xəbərdarlıqlardan nəticə çıxarmır

    "Yeni Müsavat" qəzetinin 20 fevral 2011-ci il sayında "Prokurorluğun 250 işçisinə "atıb"lar" sərlövhəli məqalədə Dövlət Proqramı çərçivəsində prokurorluq işçiləri üçün tikiləcək yaşayış binasının tikintisi ilə əlaqədar həqiqəti özündə əks etdirməyən böhtan xarakterli məlumat dərc olunmuşdur. Qəzetin redaksiyası şənbə gününün, yəni fevralın 19-nun iş günü olmamasını və həmin səbəbə görə  redaksiyaya daxil olan anonim məlumatın düzgünlüyü barədə Baş Prokurorluğun Mətbuat xidmətindən münasibət öyrənə bilməməsini bəhanə gətirərək, növbəti dəfə prokurorluq orqanlarının fəaliyyətinə kölgə salmağa xidmət edən informasiya yaymışdır.

 

    Həmin informasiya tərəfimizdən qəti şəkildə təkzib olunur və bununla əlaqədar bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Prokurorluğun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nda prokurorluq işçilərinin mənzilə olan ehtiyaclarının ödənilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə Bakı şəhərində yaşayış binalarının inşası nəzərdə tutulmuşdur.

 

    Dövlət Proqramının həmin müddəasının icrası ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov və Sadıqcan küçələrinin kəsişdiyi 2942 A saylı məhəllədə 4 bloklu, 17 mərtəbəli, 208 mənzilli yaşayış binalarının tikintisi üçün 0,59 ha torpaq sahəsi Baş Prokurorluğun daimi istifadəsinə verilmişdir.

 

    Həmin yaşayış binalarının kooperativ əsaslarla inşası istiqamətində zəruri tədbirlər həyata keçirilməklə prokurorluq işçilərinin əmlak pay haqlarını könüllü birləşdirmək yolu ilə "Qayğı" mənzil-tikinti kooperativi təsis edilmişdir.

 

    Qeyd edilən yaşayış bunalarının eskiz layihəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılarkən binanın 4-cü blokunun qonşuluğunda yerləşən mövcud 9 mərtəbəli yaşayış evindəki mənzillərin insolyasiya normasının (günəş işığının mənzillərə maneəsiz daxil olması) pozulmasına səbəb olması müəyyən edilmişdir. Həmin səbəbə görə, eyni zamanda qeyd edilən 9 mərtəbəli yaşayış binasının sakinlərinin şikayətləri nəzərə alınaraq binanın tam yeni layihəsi hazırlanır. Həmin layihə hazırlanaraq müvafiq qaydada təsdiq olunduqdan sonra kooperativ tərəfindən açıq tender elan olunacaq və tenderdə qələbə qazanan şirkət tərəfindən binanın inşasına başlanılacaqdır.

 

    Prokurorluq işçiləri tərəfindən kooperativin üzvlüyündən azad olunması və ya ödənilmiş vəsaitin geri qaytarılması ilə əlaqədar Baş Prokurorluğun rəhbərliyinə, həmçinin kooperativə hər hansı bir şikayət daxil olmamışdır. Kooperativin üzvləri tərəfindən ödənilmiş pul vəsaitləri tam məbləğdə kooperativə xidmət göstərən kredit təşkilatının bank hesabındadır.

 

    Təəssüflə qeyd edilməlidir ki,  qeyri-rəsmi mənbələrə istinad etməklə və real faktlara  söykənmədən sensasiya xatirinə yazılmış məlumatların düzgünlüyünün dövlət qurumlarının, o cümlədən Baş Prokurorluğun  mətbuat xidmətləri ilə dəqiqləşdirilməsi dəfələrlə xahiş olunsa da, bəzi kütləvi informasiya vasitələrinin nümayəndələri həmin xəbərdarlıqlardan yenə də nəticə çıxarmırlar.