Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2011-03-19
Korrupsiya hüquqpozmaları barədə “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş məlumatlardan ikisi üzrə cinayət işi başlanmışdır
   Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə əlaqədar aparılan genişmiqyaslı tədbirlər çərçivəsində vətəndaşların korrupsiya hüquqpozmaları barədə müraciətlərinin qəbulu işinin təkmilləşdirilməsi üçün zəruri tədbirlər davam etdirilir. Vətəndaşların müraciətlərinin təxirə salınmadan qəbulu və onlara operativ baxılmasının təmin edilməsi məqsədi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində martın 3-dən 161 nömrəli "Qaynar xətt" əlaqə mərkəzi fəaliyyətə başlamışdır. 
    Fəaliyyətə başladığı vaxtdan ötən müddət ərzində mərkəzə korrupsiya hüquqpozmalarına dair 747 müraciət daxil olmuş, 1500-dən artıq şəxsə isə hüquqları barədə izahlar verilmişdir. 
    Təhlillər göstərir ki, müraciətlər əsasən əhalinin sosial müdafiəsi, mülkiyyət hüquqlarının qeydə alınması, dövlət və bələdiyyə torpaqlarının qanunsuz olaraq satılması, bələdiyyə, yerli icra orqanları, səhiyyə, təhsil, gömrük, nəqliyyat, polis, məhkəmə hakimiyyəti orqanları və digər sahələrlə əlaqədar olmuşdur. 
    Qeydiyyata alınmış müraciətlərdən 493-ü və yaxud 66 faizi "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Qanunun tələblərinə müvafiq olaraq aidiyyəti üzrə baxılması, eyni zamanda, cinayət xarakterli pozuntular aşkar edildiyi təqdirdə toplanmış materialların prokurorluğa göndərilməsi üçün müvafiq nazirlik, komitə və yerli icra hakimiyyəti orqanlarına göndərilmişdir. 
    Müraciətlərin 58-i, yaxud 7,8 faizi nəticəsi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə bildirilməklə baxılaraq müvafiq tədbir görülməsi üçün ərazi aidiyyəti üzrə rayon və şəhər prokurorluqlarına göndərilmişdir. 
    Vətəndaşları ciddi narahat edən korrupsiya cinayətlərinin və hüquqpozmalarının daha geniş yayıldığı idarəçilik və xidmət sahələrinin aşkar edilməsi, təqsirli şəxslərin ifşa olunması, korrupsiya hüquqpozmalarından əziyyət çəkənlərin hüquqlarının bərpası məqsədi ilə "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş bir sıra müraciətlər üzrə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilmişdir. 
    Bununla əlaqədar "Qaynar xətt" əlaqə mərkəzinə sosial müdafiə sahəsində korrupsiya hüquqpozmaları barədə daxil olmuş məlumatlardan 2-si üzrə artıq cinayət işləri başlanmışdır. 
    Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabirabad və Kürdəmir rayon mərkəzlərinin işçiləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verilməsi nəticəsində vətəndaşların qanunla qorunan mənafelərinə mühüm zərər vurulması faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, törətdiyi cinayət əməllərinə görə həmin qurumların vəzifəli şəxsləri təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. 
    "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciətlər üzrə aparılmış ümumiləşdirmə zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki qurumların fəaliyyəti ilə bağlı şikayətlərin artdığı müşahidə edilmişdir. Bu qəbildən olan şikayətlərin əksəriyyəti Sabirabad, Kürdəmir, Quba, Ağcabədi, Ağdaş, İsmayıllı, Ağdam, Laçın, Gəncə şəhəri, Bakı şəhərinin Nizami rayon əhalinin sosial müdafiəsi mərkəzlərinin fəaliyyəti ilə əlaqədar olmuşdur. Müəyyən edilmişdir ki, vətəndaşlara hesablanmış ünvanlı sosial yardımın 4-6 ayının pulları rayon mərkəzlərinin vəzifəli şəxsləri tərəfindən mənimsənilmiş, həmçinin yardımın təyin edilməsi üçün onun müəyyən hissəsinin gələcəkdə vəzifəli şəxslərə veriləcəyi şərti ilə yardım təyin edilmişdir. 
    Aparılmış təhlil göstərir ki, bir çox hallarda ünvanlı sosial yardımın alınması ilə əlaqədar müraciət etmiş buna hüququ olmayan şəxslər rayon sosial müdafiə mərkəzlərinin əməkdaşları ilə qabaqcadan cinayət əlaqəsinə girməklə alınmış yardımı öz aralarında bölmüşlər. 
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yerli rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin fəaliyyəti üzərində nəzarətin lazımi səviyyədə həyata keçirilməməsi nəticəsində ünvanlı dövlət sosial yardımlarının təyin edilməsi və ödənilməsi sahəsində kobud qanun pozuntularına yol verilmişdir. Həmin nöqsanların aradan qaldırılması və digər zəruri təşkilati tədbirlərin görülməsi məqsədi ilə Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasına müraciət edilmişdir. 
    "Qaynar xətt" əlaqə mərkəzinə daxil olan müraciətlərə dövlət qulluğunda, o cümlədən hüquq mühafizə, habelə yerli özünüidarə orqanlarında, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında tutduqları mövqedən asılı olmayaraq, korrupsiya cinayətləri və ya hüquqpozmaları törətmiş bütün vəzifəli şəxslərin məsuliyyət məsələləri qanunçuluq prinsipi əsas tutulmaqla araşdırılır. 
    Eyni zamanda, mənfi hərəkətləri ilə prokurorluq orqanlarının nüfuzuna xələl gətirən şəxslərlə mübarizə və kadr korpusunun sağlamlaşdırılması prokurorluq orqanlarının daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə ən qəti tədbirlərin görülməsi davam etdirilir. 
    Belə ki, Ağdaş Rayon Prokurorluğunun müstəntiqi Fəxrəddin Əliyevin qulluq mövqeyindən istifadə edərək 8 il müddətinə azadlıqdan məhrum olunmuş Təvəkkül Əliyevin cəzasını yüngülləşdirəcəyini vəd edərək onun həyat yoldaşı Tamilə Əliyevadan 7400 ABŞ dolları alaraq mənimsəməsi faktına görə sonuncunun bu barədə 161 "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti üzrə cinayət işi başlanmış və Fəxrəddin Əliyev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. 
    İdarədə araşdırılan 196 müraciətdən 60-ı üzrə vətəndaşlar idarədə qəbul edilməklə onların ərizə və izahatları alınmış, əsasən bölgələrin sakinləri olan 136 müraciət müəllifləri isə müxtəlif səbəblərdən idarəyə gələ bilmədiklərindən onların qəbul olunaraq ərizə və izahatlarının alınması müvafiq ərazi prokurorluqlarına həvalə edilmişdir. Həmin müraciət müəlliflərindən 78-nin ərizə və izahatları rayon (şəhər) prokurorluqlarında alınaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə təqdim olunmuşdur. 
    İdarədə araşdırılan müraciətlərdən 38-i üzrə vətəndaşların şikayətləri araşdırma zamanı təmin olunmuşdur. 
    "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş bütün müraciətlər üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə hərtərəfli, tam və obyektiv araşdırmaların aparılması, mərkəzə daxil olan müraciətlər üzrə görülmüş tədbirlər barədə ictimaiyyətin mütəmadi məlumatlandırılması təmin ediləcəkdir.