Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2011-04-17
Bakı şəhər Baş Polis İdarəsinin və Prokurorluğunun məlumatı

     Özünü İctimai Palata adlandıran quruma daxil olan ayrı-ayrı radikal müxalifət partiyaları və təşkilatlar 2011-ci il aprelin 17-də N.Nərimanov adına kinoteatrın qarşısında mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişlər.   

     Müraciətə baxılaraq "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin I hissəsinə əsasən ictimai mənafelərin qorunması, ictimai asayişin pozulmasının qarşısının alınması, iğtişaş  və cinayətlərin baş verməməsi, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə aksiyanın paytaxtın mərkəzi hissəsində keçirilməsi onun yerinin dəyişdirilməsi formasında məhdudlaşdırılaraq Səbail rayonunun Bibiheybət qəsəbəsindəki stadion təklif olunmuşdur. Müraciətin müəlliflərinə bu haqda yazılı məlumat verilmiş, habelə müəyyən edilməmiş yerlərdə keçiriləcək mitinqin qarşısının alınacağı və baş verə biləcək ictimai qayda pozuntusuna görə məsuliyyət daşıyacaqları barədə onlar Bakı Şəhər Baş Polis İdarəsi və Prokurorluğu tərəfindən rəsmi xəbərdar olunmuşlar.  

     Lakin aksiyanın təşkilatçıları aprelin 17-də saat 16.00-dan başlayaraq ümumi sayı təxminən 150 nəfərədək olan bir neçə qrupla müxtəlif istiqamətlərdən paytaxtın "Sahil bağı"nda toplaşmağa cəhd göstərmişlər. Polis orqanları tərəfindən "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin II hissəsinə əsasən toplantının təşkilatçılarının və iştirakçılarının dağılışmaq barədə məlumatlandırılmasına, əks halda qanunvericiliyə uyğun tədbirlərin görüləcəyi haqda dəfələrlə xəbərdar olunmalarına baxmayaraq bu tələb yerinə yetirilməmişdir. 

     Görülmüş tədbirlərlə ictimai qaydanı pozan hərəkətlərin qarşısı alınaraq qanunsuz aksiyanın 65 iştirakçısı saxlanılmışdır. Onlardan 40 nəfərinin əməlləri ərazi polis bölmələrində müvafiq qaydada sənədləşdirilərək toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün aidiyyəti məhkəmələrə göndəriləcəkdir. İzahatları alınmış daha 25 nəfər, hüquqazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılmışlar.