Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2011-04-28
Azərbaycan və Litva Respublikası prokurorluqları arasında korrupsiya və digər növ hüquqpozmaların araşdırılması və qarşısının alınması sahəsində əməkdaşlığa dair memorandum imzalanmışdır

  Aprelin 26-da Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralovun dəvəti ilə Litva Respublikasının baş prokuroru Darius Valis və Litva Xüsusi İstintaq Xidmətinin baş direktoru Zimantas Paseviçius ölkəmizə rəsmi səfərə gəlmişlər.

     Litva Respublikası Prokurorluğunun nümayəndə heyəti aprelin 27-də Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur. 

     Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri düzülmüşdür.

     Sonra qonaqlar Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.

     Sonra Respublika Prokurorluğunda görüş olmuşdur. Baş prokuror Zakir Qaralov demokratik və hüquqi dövlət quruculuğu yolunu tutan ölkəmizdə son dövrlərdə həyata keçirilən məhkəmə-hüquq islahatları, o cümlədən prokurorluğun fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, mütərəqqi normativ-hüquqi bazanın yaradılması, yeni informasiya texnologiyaları üzrə qabaqcıl təcrübənin tətbiq olunması, şəffaf prosedurlara və ədalətli meyarlara əsaslanan yeni kadr siyasətinin reallaşdırılması ilə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişdir. Azərbaycan Respublikasında cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi istiqamətində görülən məqsədyönlü tədbirlərin nəticəsi olaraq, kriminogen duruma səlahiyyətli dövlət təsisatları tərəfindən ciddi nəzarətin həyata keçirildiyi, qeydə alınan bütün cinayətlərə, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə qarşı kəsərli mübarizənin təmin olunduğu, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin profilaktikası istiqamətində qətiyyətli işlərin görüldüyü, MDB məkanında əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayına görə Azərbaycanın çox müsbət göstəricilər əldə etdiyi diqqətə çatdırılmışdır.

     Görüşdə xüsusi vurğulanmışdır ki, Prezident  İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətə başladığı dövrdən rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə məsələləri dövlət siyasətinin prioritet istiqaməti səviyyəsinə qaldırılmış, Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" və "Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında" konvensiyalarına, Korrupsiyaya qarşı Birləşmiş Millətlər Təşkilatının Konvensiyasına qoşulan ölkəmizdə milli dövlətçilik ənənələrinə və müvafiq dünya standartlarının tələblərinə cavab verən  qanunvericilik bazası formalaşdırılmış, o cümlədən "Korrupsiyaya qarşı mübarizə haqqında", "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə  qarşı mübarizə haqqında" qanunların və digər normativ-hüquqi aktların qəbul edilməsi təmin olunmuşdur.

     Korrupsiyaya qarşı mübarizənin həyata keçirilməsinə məsul olan qurumların konkret vəzifələrinin müəyyənləşdirilməsi məqsədi ilə "2004-2006-cı illər üçün korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı", "Şəffaflığın artırılması və korrupsiyaya  qarşı  mübarizə üzrə  Milli Strategiya" və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planının təsdiq olunması korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan olan Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası və ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin təsis edilməsinin əhəmiyyəti xüsusi vurğulanmışdır.

     Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində görülən son tədbirlərdən söz açan baş prokuror korrupsiya ilə üzləşmiş vətəndaşların Korrupsiyaya qarşı Mübarizə İdarəsinə birbaşa və maneəsiz müraciət imkanı yaradılması məqsədilə idarənin nəzdində 161 nömrəli "Qaynar xətt" əlaqə mərkəzinin yaradıldığını, dövlət başçısının müvafiq fərmanı ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin prokurorluq işçilərinin  ümumi say tərkibinin 60 ştat vahidi artırılaraq 100 nəfərə çatdırıldığını, həmçinin Nazirlər Kabinetinə idarənin fəaliyyətinin səmərəli təşkili məqsədilə maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı zəruri tədbirlər görülməsi və idarə əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması məsələsinin həll edilməsi barədə müraciət olunduğunu bildirmişdir.

     Baş prokuror Zakir Qaralov Avropa İttifaqının Azərbaycan hökumətinin korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirdiyi tədbirləri alqışladığını, təcrübə mübadiləsi, həmçinin səmərəliliyin artırılmasına dəstək verməyə hazır olduğunu diqqətə çatdıraraq, Avropa İttifaqı tərəfindən dəstəklənən və 2009-cu ilin sentyabrından həyata keçirilməsinə başlanılmış "Azərbaycan Respublikası Baş Prokurorluğu nəzdində Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə dəstək" layihəsinin Litvanın Xüsusi Araşdırmalar Xidməti tərəfindən icra olunduğunu və bu layihənin idarənin imkanlarının artırılmasına, eləcə də, Korrupsiya ilə Mübarizə və Şəffaflığın Artırılması üzrə Milli Strategiyanın dəstəklənməsinə yönəldildiyini nəzərə çatdırmışdır.

     Səmimi qəbula görə minnətdarlıq edən qonaqlar Azərbaycan Respublikasında məhkəmə-hüquq sistemi, o cümlədən prokurorluq orqanlarında həyata keçirilən və müsbət nəticələr verən islahatları yüksək dəyərləndirmişlər.

     Görüşdə ikitərəfli əməkdaşlığın qarşılıqlı maraq doğuran perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılmışdır. Görüş çərçivəsində "Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi ilə Litva Respublikasının Xüsusi İstintaq Xidməti arasında Davamlı Əməkdaşlıq haqqında" Memorandum imzalanmışdır.

     İmzalanma mərasimindən sonra qonaqlar Respublika Prokurorluğunun Tarix muzeyi ilə tanış olmuşlar. Muzeydə Azərbaycan Prokurorluğunun zəngin tarixi, eyni zamanda, ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş guşə və eksponatlar onlarda xüsusi təəssürat oyatmışdır. 

     Səfər çərçivəsində litvalı qonaqlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin  fəaliyyəti ilə ətraflı tanış olmuşlar. İdarə rəisi Kamran Əliyev qonaqlara idarənin fəaliyyəti barədə məlumat vermişdir.
     
Qeyd olunmuşdur ki, fəaliyyətə başladığı vaxtdan idarənin bütün səyləri ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əsas təminatı olan ictimai-siyasi sabitliyin qorunmasına, mütəşəkkil cinayətkarlığın təzahürü kimi korrupsiyaya qarşı kəsərli mübarizənin təmin olunmasına istiqamətləndirilmişdir. İdarə tərəfindən 2005-ci ildən bu günədək rüşvətalma, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını talama və digər faktlar üzrə 700 şəxs barəsində 386 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün müvafiq məhkəmələrə göndərilmişdir.

     Korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiqi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilməklə, bu qəbildən olan cinayətlər barədə vahid informasiya bazası yaradılaraq 2009-cu ilin yanvar ayından mütəmadi və fasiləsiz fəaliyyət göstərməyə başlamışdır.
     
Tvinninq layihəsi çərçivəsində əməkdaşlığın Avropa strukturlarına  inteqrasiya istiqamətində mühüm nəticələrin əldə olunmasında əhəmiyyətli rol oynadığını bildirən Kamran Əliyev Avropa İttifaqının qabaqcıl təcrübələrinə çıxış əldə etməyin, həyatımızın müxtəlif sahələrini Avropa İttifaqının standartlarına yaxınlaşdırmağın ölkəmiz üçün çox önəmli olduğunu vurğulamış, bu tədbiri birgə məhsuldar fəaliyyət kimi qiymətləndirmişdir.

     
Mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürü olan korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini qeyd edən qonaqlar bu layihəni Azərbaycan ilə Avropa İttifaqı arasında "Şərq "Tərəfdaşlığı" Proqramı çərçivəsində həyata keçirilən daha bir müvəffəqiyyətli addım kimi dəyərləndirmiş, layihənin müddətinin daha 3 ay uzadılmasını birgə məhsuldar əməkdaşlığın məntiqi nəticəsi kimi səciyyələndirmişlər.