Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2011-05-04
Özbəkistan Respublikası Prokurorluğunun nümayəndə heyəti Azərbaycan Respublikası Prokurorluğunda olmuşdur
   Azərbaycan və Özbəkistan respublikaları prokurorluqları arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi ilə  Özbəkistan Respublikasının baş prokuroru Rəşitjan Kodirovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralovun dəvəti ilə ölkəmizə səfərə gəlmişdir. 
    Səfər çərçivəsində Özbəkistan Respublikası Prokurorluğunun nümayəndə heyəti mayın 3-də baş prokuror Zakir Qaralovla görüşmüşdür. Qonaqları səmimi salamlayan baş prokuror Zakir Qaralov xalqlarımız arasında formalaşmış zəngin tarixə malik və ildən-ilə daha da genişlənməklə dərinləşən ikitərəfli münasibətlərin inkişafında Özbəkistan və Azərbaycan dövlətlərinin sınanmış liderləri İslam Kərimov və İlham Əliyevin müstəsna xidmətlərini, ölkə rəhbərlərinin başçılıq etdikləri nümayəndə heyətlərinin 2008-ci ildə Azərbaycana və 2010-cu ildə isə Özbəkistana səfərlərinin əhəmiyyətini xüsusi qeyd etmişdir. Məhz bu münasibətlərin ölkələrimizin daha da yaxınlaşması, hər iki respublikanın müxtəlif dövlət təsisatları, o cümlədən prokurorluq orqanları arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafı yolunda böyük stimul olduğu, bu əlaqələr çərçivəsində 2010-cu ilin sentyabr ayında "Özbəkistan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikasının Baş Prokurorluğu arasında əməkdaşlıq və hüquqi yardım haqqında Saziş"in imzalanmasının ölkələrimizin prokurorluq orqanları arasında münasibətlərin məzmunca yeni müstəviyə qaldırılmasında mühüm rol oynadığı diqqətə çatdırılmışdır.
    Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Özbəkistan Respublikasının həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi, 2008-ci ildə BMT Baş Məclisində Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətə dair məsələ ilə bağlı səsvermə zamanı Özbəkistanın obyektiv və birmənalı mövqeyinin əhəmiyyəti vurğulanmışdır.
    Baş prokuror Z.Qaralov son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, prokurorluğun strukturunun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, həmçinin müasir dövrdə qarşıda duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat vermişdir. Mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiya və rüşvətxorluq cinayətlərinə qarşı mübarizə məsələlərinin təşkili və həyata keçirilməsində prokurorluq orqanlarının üzərinə mühüm vəzifələr qoyulduğu diqqətə çatdırılmaqla, bu sahədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən görülən işlər, yeni yaradılmış 161 nömrəli "Qaynar xətt" əlaqə mərkəzi barədə qonaqlara məlumat verilmişdir.
    Azərbaycanda uğurla həyata keçirilən hüquqi islahatlara böyük maraq göstərdiyini diqqətə çatdıran Özbəkistan Respublikasının baş prokuroru Rəşitjan Kodirov hüquqi sahədə əməkdaşlığın geniş perspektivlərə malik olduğunu vurğulayaraq, ölkələrimizin müxtəlif sahələrdə əlaqələrinin sürətlə inkişaf etdiyini, xüsusilə iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın genişlənməsinin qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildirmişdir. Azərbaycan və Özbəkistan arasında qardaşlıq əlaqələrinin sıx olduğunu bildirən qonaq ölkələrimizin müasir demokratik inkişaf yolu ilə inamla irəlilədiklərini vurğulamış, respublikamızın çox qısa zamanda yüksək nailiyyətlər əldə etməsini qeyd edərək, məhkəmə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən tədbirləri alqışlamışdır.
    Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılmış, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilmişdir.
    Özbəkistan nümayəndə heyəti Baş Prokurorluğun Tarix Muzeyi, Azərbaycan-Özbəkistan münasibətlərinə həsr olunmuş ekspozisiyalarla tanış olmuş, onlara Azərbaycan dövləti, onun hüquq sistemi, dövlət başçısının rəhbərliyi altında aparılan islahatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı materialları əks etdirən guşə ilə tanış olmuşlar. Sonra qonaqlar Baş Prokurorluğun Elm-Tədris Mərkəzinə gəlmiş və onlara mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verilmişdir. 

    Özbəkistan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.