Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2011-05-07
Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Prokurorluğunun birgə məlumatı
     2011-ci il mayın 6-da saat 11 radələrində təxminən sayı 150 nəfər olan radikalyönümlü dindar Təhsil Nazirliyinin qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərmişdir.
İctimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə polis tərəfindən xəbərdarlıq olunmasına baxmayaraq, həmin şəxslər bu tələbi yerinə yetirməmiş və ictimai təhlükəsizlik əleyhinə olan cinayət əməlləri törətmişlər.
 
     Onların cəmiyyətə açıq hörmətsizlik ifadə edən, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan aqressiv və qərəzli hərəkətləri nəticəsində nəqliyyatın intensiv hərəkəti təxminən 15 dəqiqə ərzində pozulmuş, vətəndaşlara məxsus 4 avtomobilə və yaxınlıqda yerləşən bir neçə ictimai-iaşə və ticarət obyektlərinə ziyan vurulmuşdur. 
 
     Xidməti vəzifələrini yerinə yetirən asayiş keşikçilərinin qanunsuzluqlara son qoymaları barədə təkrar xəbərdarlıq və tələblərinə məhəl qoymayan aksiya iştirakçıları ictimai qaydanın pozulmasının qarşısını alan polis əməkdaşlarına qarşı zor tətbiq etməklə müqavimət göstərmiş, nəticədə 26 əməkdaşa müxtəlif dərəcəli bədən xəsarəti yetirilmiş, onlardan 5-i hospitala yerləşdirilmişdir. 
 
     Görülmüş qətiyyətli tədbirlərlə ictimai qaydanı pozan hərəkətlərin genişlənməsinin qarşısı alınmışdır.
 
     Faktla bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) və 221.2.2-ci (ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə cinayət işi başlanmış, istintaqın aparılması Bakı Şəhər Baş Polis İdarəsinin istintaq idarəsinə həvalə olunmuşdur. İstintaqın tam və hərtərəfli aparılması üçün istintaq-əməliyyat qrupu yaradılmışdır.
 
     Qeyd edilən cinayətin təşkilatçıları və iştirakçılarının dairəsi müəyyənləşdirilməklə həmin şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlərin görülməsi təmin ediləcəkdir.