Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2011-05-13
Baş Prokurorluq, Mətbuat Şurası və Hüquqşünaslar Konfederasiyasının birgə layihəsi uğurlu alındı
Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının birgə təşəbbüsü ilə çapdan çıxan "Jurnalistlər üçün hüquqi terminlər lüğəti" kitabının təqdimat mərasimi keçirilib.

   Mərasimi açan Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, media ölkədə demokratik dövlət quruculuğu prosesinin dərinləşməsində aktiv rol oynayan ictimai institutdur. Onun fəaliyyətinin təkmilləşdirilməsinə və 
gücləndirilməsinə dəstək vacib əhəmiyyət kəsb edir. Mövcud reallığı nəzərə alan Azərbaycan dövləti kütləvi informasiya vasitələrinə sistemli, kompleks qayğı ənənəsinin əsasını qoyub və bununla bağlı siyasət yeni çalarlarla zənginləşdirilməkdədir: "Media ilə əlaqələrin gücləndirilməsi dövlət qurumları qarşısında duran mühüm məsələlərdəndir. Respublika Baş Prokurorluğunda bununla əlaqədar ciddi iş aparılır. Qurumun ictimaiyyətlə əlaqələr sahəsindəki işi gücləndirilib. Ümumən fəaliyyətimiz bir istiqaməti əhatə etmir. Eyni zamanda, jurnalistlər üçün yardımçı vəsaitlər də hazırlayırıq. 2005-ci ildə çapdan çıxmış "Jurnalistlər üçün hüquqi terminlər lüğəti" bu mənada dəyərli kitablardandır. Hesab edirəm ki, bu gün həmin kitabın təqdimatını keçirdiyimiz yeni, daha əhatəli nəşri media təmsilçilərinin hüquqi biliklərinin artırılmasında, peşəkarlıqlarının dərinləşdirilməsində öz rolunu oynayacaq". 

   Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Baş Prokurorluğun media ilə əlaqələrinin daim yüksələn xətt üzrə inkişaf etdiyini bildirib. O deyib ki, qurum fəaliyyətilə bağlı informasiyaların cəmiyyətə çatdırılması işini təkmilləşdirmək üçün konkret tədbirlər həyata keçirib. Prokurorluq orqanlarında məlumat verilməsinə məsul şəxslərin sayı çoxaldılıb. Həmçinin, şəhər və rayon prokororluq orqanlarının da mediaya birbaşa məlumat vermək səlahiyyəti var. Baş Prokurorluğun veb-səhifəsi dövlət qurumları içərisində ən öncül yerlərdən birini tutur. "Bu gün təqdimatına toplaşdığımız kitab da xoş məramdan, cəmiyyətə xidmətdən irəli gəlir. Jurnalistlər üçün olduqca dəyərli olan bu nəşr Mətbuat Şurasının Baş Prokurorluqla əməkdaşlığının, belə desək, sayca üçüncü məhsuludur. Bundan öncə Respublika Prokurorluğunun tədris mərkəzində hüquqi mövzuda yazan media nümayəndələri üçün treninq təşkil etmişdik. Daha sonra "Jurnalistlər üçün hüquqi terminlər lüğəti"nin ilk nəşri hazırlandı. Nəfis tərtibatla hazırlanan bu kitab birgə əməkdaşlığımızın üçüncü töhfəsidir. Əminəm ki, qarşılıqlı fəaliyyətimiz daha böyük nailiyyətlər əldə etməyimizə imkan verəc0ək. Fikrimcə, lüğətin tirajının artırılması zəruridir. Ümumən bu kimi kitabların sayı çoxaldılmalıdır. Mətbuat Şurası müxtəlif qurumlarla birgə jurnalistlər üçün nəzəri vəsaitlər hazırlamaqdadır. Bu günlərdə UNESKO-nun Azərbaycan Respublikası üzrə Milli Komissiyası ilə birgə ekoloji mövzuda yazan jurnalistlər üçün kitabça hazırladıq. Mövcud istiqamətdə Azərbaycan Hüquqşünaslar Konfederasiyası ilə də əməkdaşlığı gücləndirməyi planlaşdırmışıq" - deyə o bildirib. 

   Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri, Milli Məclisini deputatı Əli Hüseynli bildirib ki, jurnalistlər kitab vasitəsilə hüquqi terminlərin çox dəqiq izahı ilə tanış olmaq imkanı əldə edəcək. O, nəşrin media mənsublarının yaradıcılığının daha da təkmilləşməsində, yol verdikləri nöqsanların aradan qalxmasında müstəsna rol oynayacağına inandığını vurğulayıb. "Media kriminal xəbərlərin, eləcə də hüquqla bağlı digər mövzuların təqdimatında daha maraqlı görünür. Bu, günümüzün reallığıdır. Bu mövzuda qələmə alınan materiallarda terminlərin düzgün ifadəsi isə, təkcə jurnalistlər deyil, bütövlükdə cəmiyyət üçün gərəklidir" - deyən Ə.Hüseynli məlumat verib ki, Mətbuat Şurası ilə əməkdaşlıq çərçivəsində, həmçinin, mediada hüquqi mövzuların təqdimatını stimullaşdıran birgə tədbirlər reallaşdırılacaq.

   Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev ölkəmizdə söz və mətbuat azadlığı prinsiplərinin dərinləşməsini, KİV-lərin inkişafı ilə əlaqədar tədbirlərin görülməsini dövlət siyasətinin prioritet sahəsi kimi xarakterizə edib. Azərbaycanda medianın qanunvericilik bazası və mövcud statistik göstəricilər barədə məlumat verən PA rəsmisi bildirib ki, dövlət qeydiyyatından keçən KİV-in sayı 4500-ə yaxınlaşıb. "Onlardan 40-dan artığı televiziya və radio vasitələridir. 

   Media məkanımızda yeni, internet media ciddi şəkildə təşəkkül tapmaqdadır. Amma bu sahədə problemlər də var. Hesab edirəm ki, bu kitab onların aradan qaldırılmasında əhəmiyyətli rol oynayacaq, - deyən V.Əliyev hər bir dövlət qurumunun özünə aid istiqamətdə jurnalistlər üçün belə maarifləndirici vəsaitlər hazırlamasının vacibliyini vurğulayıb. 

   Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov çıxışında deyib ki, kitab olduqca dəyərlidir və o fikri mən də bölüşürəm ki, belə vəsaitlər digər dövlət qurumları tərəfindən də hazırlanmalıdır". 

   İctimai Yayım Şurasının sədri, Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli Azərbaycan dilində ədəbiyyat probleminin mövcudluğunu qabardaraq, təqdimatı keçirilən kitabın, eyni zamanda, həmin sahədəki boşluğu doldurmaq baxımından əhəmiyyətindən söhbət açıb. 

   "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli "?urnalistlər üçün hüquqi terminlər lüğəti" kitabının elektron variantının da hazırlanmasını və redaksiyalara paylanmasını vacib sayıb. 

   MŞ sədrinin müavini Umud Rəhimoğlu, Şuranın İdarə Heyətinin üzvləri - "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, həmçinin "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev və başqaları da fikirlərini bildirib. 

   Onlar, kitabın əhəmiyyətli cəhətlərindən biri kimi, hüquqi terminlərin izahlı lüğətilə yanaşı, ölkəmizin qanunvericilik aktlarının media fəaliyyətilə bağlı hissələrindən çıxarışların yer almasını vurğulayıb